Qurban bayramı münasibətilə 5 günlük tətilin başlaması ilə insanlar artıq şəhərin səs-küyündən uzaqlaşıb rayonlara üz tutmağa başlayır. Sərhədlərin bağlı olması fonunda daxili turizmə maraq bir qədər də artıb. Bahalı xarici səfərlər əvəzinə bir çox ailə daha sərfəli və təbiətə yaxın istirahət variantlarını seçir. Metbuat.az-ın araşdırması nəticəsində məlum olub ki, əhalinin bayram günlərində ən çox maraq göstərdiyi istiqamətlər arasında Quba, Şəki, Qax, Zaqatala, Lənkəran və İsmayıllı var. İnsanlar xüsusilə kənd evlərinə, ailəvi istirahət məkanlarına və təbiət turizminə üstünlük verir. Ən sərfəli bölgələrdən biri şimal zonası hesab olunur. Quba və Şabran istiqamətində günlük kirayə evləri və kiçik hotelləri nisbətən münasib qiymətə tapmaq mümkündür. Burada butik tipli hotellər və ailəvi məkanlar daha ucuz seçimlər təqdim edir. Amma əksər turistlər həyət evlərində qalmağa üstünlük verirlər. Evlərin qiyməti isə 50-250 manat arasında dəyişir. Günü 50-60 manata təklif olunan həyət evləri əsasən 4-5 nəfərlik ailələr üçün sərfəlidir. 200-250 manatlıq evlərdə isə iki, hətta üç ailə rahat yaşaya bilər. Bu evlərdə 12-15 yataq olur. Paytaxta yaxın olduğu üçün şimal bölgəsi turistlərin seçimində üstünlük təşkil edir. Şəki-Zaqatala zonası da büdcəyə uyğun istirahət axtaranların siyahısında ilk yerlərdədir. Həm sərin hava, həm təbiət, həm də tarixi mühit bu rayonları cəlbedici edir. Xüsusilə kənd evlərində qalmaq hotellərlə müqayisədə daha sərfəli başa gəlir. Son illər cənub bölgəsinə də maraq artıb. Lənkəran, Lerik və Astara istiqamətində təbiətə yaxın istirahət məkanları ailələrin diqqətini çəkir. Burada həm meşə, həm dağ, həm də dəniz turizmi bir aradadır. Erkən rezervasiya edənlər üçün qiymətlər daha münasib olur. Hazırda Astaranın dağ kənslərində evlərin qiyməti 60-80 manat arasında dəyişir. Həmişə olduğu kimi, bu il də turistlər məşhur Sım kəndinə can atırlar. Turizm mütəxəssisi Əli Məmmədov deyir ki, bu il insanlar lüks hotellərdən daha çox sakit və ucuz məkanlara üstünlük verir. Xüsusilə sosial şəbəkələrdə yayılan “kənd həyatı”, “dağ evi”, “eko-turizm” videoları rayonlara marağı daha da artırıb. Ancaq qiymətlər əvvəlki illərlə müqayisədə müəyyən qədər yüksəlib. Buna baxmayaraq, daxili turizm xarici səfərlərlə müqayisədə yenə də daha sərfəli sayılır. Bir çox ailə artıq 2-3 günlük qısa rayon səfərlərini bayram planının əsas hissəsinə çevirib.Nazim Hüseynzadə / Metbuat.az