RU

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 27 may, AZƏRTAC

Yaxşı musiqiçi ilk növbədə öz xalqının mədəniyyətini, tarixini, folklorunu və milli köklərini hərtərəfli bilməlidir. Bu, insanın yaradıcılıq potensialının möhkəmlənməsi üçün vacib şərtdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankarada fəaliyyət göstərən Suna Korat Fondunun rəhbəri, tanınmış pianoçu, professor Hacıbaba Adiloğlu deyib.

Bəstəkarlıq məktəbi ilə xalq musiqisi və folklor arasındakı bağlılığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan həmyerlimiz bildirib ki, bunun ən parlaq nümunələrindən biri doğma Azərbaycandadır. O qeyd edib ki, Azərbaycan musiqi məktəbi dünya musiqisində özünəməxsus və layiqli yer tutur.

Musiqiçi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dahi Azərbaycan bəstəkarlarının yaradıcılığını xatırladaraq bildirib ki, həmin əsərlərdə muğamın yeddi əsas lad sisteminin - rast, şur, segah və digərlərinin təsiri, özünəməxsus emosional çalarlar və zəngin səs düzümü aydın hiss olunur.

“Azərbaycanın milli bəstəkarlıq məktəbinin təməlində xalq musiqisinin dayanması onu bütün dünyada populyar edir. Azərbaycanda xalq musiqisinin dərin milli ənənələr əsasında tədris olunduğu musiqi məktəblərinin fəaliyyəti də bu istiqamətdə mühüm stimul yaradır. Tədrisin əsasını zəngin folklor irsi, muğamın öyrənilməsi və ənənəvi musiqi alətlərinə yiyələnmək təşkil edir”, - deyə musiqiçi bildirib.

O, XX əsrin görkəmli caz pianoçularından biri Vaqif Mustafazadə ilə tanışlığını həyatının unudulmaz anlarından biri adlandırıb.

Hacıbaba Adiloğlu musiqi yoluna Bülbül adına məktəbdə başlayıb. Konservatoriyanı başa vurduqdan sonra tanınmış sənətkarların, o cümlədən Xalq artisti Rauf Atakişiyevin rəhbərliyi ilə peşəkar bacarıqlarını təkmilləşdirib.

Azərbaycanlı pianoçu 30 ildən artıqdır ki, Türkiyədə musiqi sənətinin inkişafına töhfə verir, qardaş ölkə üçün yeni istedadların yetişməsində iştirak edir. O, Türkiyənin ayrı-ayrı şəhərlərində, eləcə də xaricdə, o cümlədən Moskva, Sankt-Peterburq və Kiyevdə konsert proqramları ilə çıxış edib. Hacıbaba Adiloğlu əvvəllər Ankaradakı Bilkent Universitetində çalışıb, hazırda isə tanınmış türkiyəli opera sənətçisi Suna Koratın adını daşıyan fonda rəhbərlik edir.

“Fondumuzda çoxlu sayda gənc musiqiçi yetişib. Onların bir qismi hazırda təhsilini və çıxışlarını xaricdə davam etdirir. Musiqi proqramımıza mütəmadi olaraq Azərbaycan bəstəkarlarının əsərlərini daxil edirik və bununla ölkəmizin mədəniyyətinin Türkiyədə tanıdılmasına töhfə veririk. Bu gün Azərbaycanın milli bəstəkarlıq məktəbinin əsasını qoymuş dahi Üzeyir Hacıbəylinin əsərlərinin ifasını gənc istedadlara öyrətməkdən qürur duyuram. Türkiyə gəncləri bizim musiqimizi tez mənimsəyirlər. Çünki bu musiqinin kökləri onlar üçün yad deyil və ortaq mədəni irsimizi əks etdirir”, – deyə 62 yaşlı pianoçu bildirib.

O vurğulayıb ki, iki qardaş ölkə arasında dostluq körpülərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməyə çalışır.

Professor Ankaradakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzinin Türkiyədə həyata keçirdiyi proqram və layihələri yüksək qiymətləndirib, Azərbaycan xalqının irsinin təbliği istiqamətində əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirib.

O qeyd edib ki, bu il sentyabrın 18-də Ankaradakı Bilkent Universitetinin Konservatoriyasının konsert salonunda Azərbaycanın müasir professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının ildönümünə həsr edilmiş geniş konsert proqramı keçiriləcək.

“Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır. Bu gün Azərbaycandakı musiqi məktəblərinin şagirdlərinin konsert çıxışlarının videoyazılarını məmnuniyyətlə izləyirəm. Bir nəsil istedadların yerini yeni istedadlar tutur. Hamımız Azərbaycan mədəniyyətinin bayrağını qürurla daşıyırıq. Bu, Vətənimiz qarşısında borcumuzdur”, – deyə professor vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
azertag.az

1Источники