Tarixin axarını dəyişən böyük sərkərdələr adətən qarşılarındakı orduların gücü, generalların xəyanəti və ya taktiki səhvlər ucbatından məğlub olurlar. Lakin 1815-ci ilin iyununda, Avropanın taleyinin həll olunduğu Vaterlo düzənliyində Fransa imperatoru Napoleon Bonapartın qarşısında dayanan ən böyük düşmən nə ingilis kavalereyası, nə də Prussiya piyadaları idi. İmperatorun taleyini ondan düz on min kilometr uzaqda, İndoneziyanın Sumbava adasında yerin altından qaynayan adsız bir qüvvə həll etmişdi. London alimlərinin son elmi kəşfləri imperatorun süqutunun arxasında dayanan dramatik ssenarini ortaya qoyur: Napoleonu daxili intriqalar deyil, planetin ən qəddar vulkanlarından biri – Tambora yıxmışdı.
1815-ci ilin aprel ayında, dünya hələ Napoleonun Elba adasından qaçaraq yenidən Paris taxtına oturmasının şokunu yaşayarkən, Yer kürəsinin digər tərəfində qiyamət qopdu. Tambora vulkanı bəşər tarixinin şahid olduğu ən amansız nərilti ilə oyandı. Püskürmə o qədər güclü idi ki, partlayışın səsi minlərlə kilometr uzaqdan eşidildi, atmosferə tonlarla kükürd qazı və mikroskopik kül dumanı püskürüldü. Göy üzünə yüksələn bu nəhəng qara örtük yerin ionosfer qatını zəbt edərək qlobal bir "ekran" yaratdı. Günəş şüaları bu toz dumanını yarıb keçə bilmədi və planet qəfil, amansız bir soyuq və anomal rütubət dalğasına təslim oldu. Avropa görünməmiş bir iqlim xaosunun astanasında idi.
İki ay sonra, iyunun 17-də, Vaterlo düzənliyində fransız və ingilis orduları qarşı-qarşıya gələndə göy üzü Tamboranın göndərdiyi qara buludlarla boğulurdu. Həmin gecə Belçika torpaqlarına elə bir leysan yağdı ki, sanki göy üzü Napoleonun imperiyasının sonunu ağlayırdı. Ertəsi gün, iyunun 18-də döyüş meydanı artıq bir düzənlik deyil, dizə qədər palçıqdan ibarət nəhəng bir bataqlıq idi.
Məhz bu məqamda Napoleonun dahi hərbi strategiyası təbiətin bu görünməz tələsinə düşdü. Bonapartın ən böyük silahı onun sürətli və öldürücü artilleriyası idi. O, topları döyüş meydanında ildırım sürəti ilə hərəkət etdirir, düşmən cərgələrini darmadağın edirdi. Lakin Tambora yağışlarının yaratdığı palçıq ağır fransız toplarını yerə mıxladı. Təkərlər lilin içinə batır, atlar hərəkət edə bilmirdi. Napoleon artilleriyanın palçıqdan çıxmasını və torpağın bir az qurumasını gözləmək üçün hücum əmrini düz günortaya qədər gecikdirməli oldu.
Bu bir neçə saatlıq gecikmə tarixin gedişatını dəyişən qızıl zaman kəsiyi idi. İngilis generalı Vellinqton fransızların zəifləyən və gecikən hücumlarına qarşı çətinliklə tab gətirərkən, zamana qarşı yarışan Prussiya ordusu məhz bu gecikmə sayəsində döyüş meydanına vaxtında yetişdi. Əgər İndoneziya vulkanının yaratdığı rütubət dalğası hücumu ləngitməsəydi, Napoleon ingilisləri günortaya qədər darmadağın edəcək və Avropa xəritəsini yenidən çəkəcəkdi.
Lakin fransız süvariləri palçıqda sürüşüb yıxılarkən, toplar bataqlıqda boğularkən imperatorun taleyi də o palçığa gömüldü. Vaterlo Napoleon karyerasının sonu, Müqəddəs Yelena adasındakı tənhalığın başlanğıcı oldu.
Tarix bizə Vaterlo qəhrəmanlarının adlarını general Vellinqton və ya feldmarşal Blüxer kimi diktə edir. Lakin bədii-publisistik bir pərdəni aralayıb elmin işığında baxanda görürük ki, dahi sərkərdəni məğlub edən nə ingilis poladları, nə də alman strategiyası idi. Uzaq bir adada partlayan və külü ilə Avropanın taleyini palçığa bulayan qədim bir vulkan Napoleonun imperiya xəyallarını bir gecədə yox edən ən böyük general olmuşdu. Dünyanın bir ucundakı alov, digər ucundakı imperiyanı söndürmüşdü.
Hazırladı:
S.ELAY
XQ