RU

WUF13 çərçivəsində “Müyəssərlik Mifləri: Modern Şəhərsalmanın Görünməyən Sədləri” adlı foto-sərgi təqdim olunub

20 may 2026-cı il tarixində WUF13 çərçivəsində Qlobal Cənub QHT Platforması Pavilyonunda, 22 may 2026-cı il tarixində isə WUF13 çərçivəsində QHT Agentliyinin Pavilyonunda “Müyəssərlik Mifləri: Modern Şəhərsalmanın Görünməyən Sədləri” adlı foto-sərgi keçirilib.

QHT.az xəbər verir ki, foto-sərgi “Əlilliyi olan Şəxslər üçün Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunub.

Sərginin əsas məqsədi müasir şəhərsalma ilə bağlı formalaşmış stereotiplərə diqqət çəkmək və vizual olaraq inkişaf etmiş görünən şəhərlərdə belə əlilliyi olan şəxslərin qarşılaşdığı görünməz infrastruktur maneələrini ictimaiyyətə təqdim etməkdir.

Bakı, Paris, Nyu-York və digər iri meqapolislər çox zaman modern urbanizm, inkişaf etmiş infrastruktur və yüksək həyat keyfiyyəti ilə assosiasiya olunur. Lakin sərgi nümayiş etdirir ki, şəhərlərin zahirən müasir görünməsi onların hər kəs üçün əlçatan və inklüziv olması anlamına gəlmir. Əlilliyi olan şəxslər gündəlik həyatda hələ də pilləkənlər, uyğunlaşdırılmamış keçidlər, əlverişsiz ictimai məkanlar, qeyri-funksional panduslar və insan mərkəzli olmayan dizayn həlləri ilə üzləşirlər.

Sərgidə müasir memarlıq və şəhər infrastrukturu daxilində tez-tez nəzərdən qaçan dizayn səhvləri vizual formada təqdim olunur. İlk baxışda kiçik texniki detal kimi görünən bu problemlər əlilliyi olan şəxslərin şəhər həyatında bərabər iştirak imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Foto-sərginin əsas mesajı ondan ibarətdir ki, müyəssərlik yalnız tikinti norması və ya texniki tələb deyil. Müyəssərlik şəhərin hər bir sakini üçün fundamental insan hüququdur. Şəhər infrastrukturu yalnız estetik görünüşə deyil, insan mərkəzli və universal dizayn prinsiplərinə əsaslanmalıdır.

“Əlilliyi olan Şəxslər üçün Müstəqil Həyat Mərkəzi”nin sədri Aydın Xəlilov bildirib:

“Bu sərgi vasitəsilə göstərmək istəyirik ki, müasir görünən şəhər hər zaman inklüziv şəhər demək deyil. Əsl inkişaf yalnız binaların, küçələrin və ictimai məkanların gözəl görünməsi ilə ölçülmür. Əsl inkişaf hər bir insanın, o cümlədən əlilliyi olan şəxslərin həmin şəhərdə müstəqil, təhlükəsiz və ləyaqətli şəkildə yaşaya bilməsi ilə müəyyən olunur.”

Sərgi beynəlxalq ictimaiyyətə, şəhərsalma mütəxəssislərinə, qərarverici şəxslərə, vətəndaş cəmiyyəti nümayəndələrinə və inkişaf tərəfdaşlarına çağırış edir: şəhərlər yalnız vizual baxımdan deyil, funksional, inklüziv və insan mərkəzli yanaşma əsasında yenidən düşünülməlidir.

“Müyəssərlik Mifləri: Modern Şəhərsalmanın Görünməyən Sədləri” foto-sərgisi iştirakçıları inklüzivliyi əlavə imkan kimi deyil, hər bir insanın bərabər yaşayış və iştirak hüququ kimi qəbul etməyə dəvət edir.

Избранный
84
qht.az

1Источники