RU

BMT Konvensiyası təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsinə çağırış edib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 27 may, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası iqlim dəyişikliklərinin ağırlaşan təsirlərinə qarşı mübarizə məqsədilə təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsinə və qalıq (qazıntı) yanacaqlardan asılılığın azaldılmasına çağırış edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UN FCCC) icraçı katibi Saymon Stil bu gün yaydığı bəyanatda bildirib. O qeyd edib ki, Avropada müşahidə olunan son istilik dalğası iqlim böhranının insanlara və iqtisadiyyata artan təsirlərini açıq şəkildə nümayiş etdirir. Saymon Stil vurğulayıb ki, kömür, neft və qazın yandırılmasının davam etməsi, eləcə də meşələrin məhv edilməsi ekstremal iqlim hadisələrinin güclənməsinin əsas səbəblərindəndir. Onun sözlərinə görə, Hindistan və Asiyanın geniş əraziləri də daxil olmaqla dünyanın müxtəlif bölgələri hazırda güclü istilik dalğalarının təsiri altındadır və insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri bu proseslərin intensivliyini və tezliyini artırır. Hazırda Böyük Britaniya və Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrində ilin bu dövrü üçün rekord yüksək temperatur göstəriciləri qeydə alınır. Hindistanda isə davam edən istilik dalğası fonunda havanın temperaturu ötən gün 47,4 dərəcəyədək yüksəlib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
77
1
azertag.az

2Источники