RU

Tavanda yeriyən insanlar, yoxa çıxan başlar… Praqadakı məşhur muzeyidən REPORTAJ, FOTOLAR

Praqanın gəzməli, görməli yerlərindən biri də şəhərin tam mərkəzində yerləşən məşhur “Fantastik illüziyalar muzeyi”dir. Sosial şəbəkələrdə və müxtəlif səyahət blogerlərinin reportajlarında bu muzeylə bağlı saysız-hesabsız videolar və paylaşımlar var.

Muzeyi gəzdikcə anlayırsan ki, bura həqiqətən də isanın özünü illüziyanın içinə saldığı interaktiv bir məkandır. Burada özünüzü uçarkən, tavanda yeriyərkən, bir sözlə, yüzdən çox fərqli situasiyanın içində görə bilərsiniz. Onu da qeyd edək ki, muzeydə yaş məhdudiyyəti yoxdur.

09b85fef-5d7b-476b-8a55-0c618d70bd05.jpeg

Bilet qiymətlərinə gəldikdə isə böyüklər üçün giriş 349 çex kronudur ki, bu da təxminən 29 manata yaxın edir. 15 yaşadək uşaqlar, tələbələr və 65 yaşdan yuxarı şəxslər üçün qiymət 249 kron, yəni təxminən 20 manat civarındadır. Praqa kimi turistik şəhər üçün qiymətlər o qədər də yüksək sayılmır. Xüsusilə nəzərə alsaq ki, burada insan sadəcə eksponata baxmır, həmin eksponatın bir hissəsinə çevrilə bilir.

2c42f72a-0955-4ab4-b42d-51b81b815153.jpeg

Muzeydəki səhnələrin sayı o qədər çoxdur ki, hamısını sadalamaq demək olar mümkün deyil. Burada həm reallaşdırmaq istədiyiniz fantaziyalarla qarşılaşa, həm də mövcudluğunu belə bilmədiyiniz arzuları “yaşaya” bilərsiniz. Tarixi şəxsiyyətlərlə görüşməkdən tutmuş insanın ölçüsünü dəyişən və fizika qanunlarını pozurmuş kimi görünən optik illüziyalara qədər hər şey var.

Macərasevənlər üçün burada süpürgə üstündə cadugər kimi uçmaq, paraşütsüz təyyarədən tullanmaq, dinozavr tərəfindən yuvasına aparılmaq, nəhəng osminoqun əsirinə çevrilmək, “Titanik” faciəsindən sağ çıxmaq, otağın tavanında tərsinə yerimək mümkündür. Sehrbaz sizi topdan “atəşə” tuta və ya havada levitasiya etdirə bilər. İstəsəniz imperator xəzinəsini açaraq heç olmasa bir fotoda zəngin insana çevrilə bilərsiniz.

9a8867e8-5620-4a4b-80be-47e7b2da4e03.jpeg

Muzeydə ən böyük maraq doğuran otaqlardan biri məşhur "Ames room"dur. Burada eyni boyda iki insanın biri nəhəng, digəri isə cırtdan görünür. İlk baxışda insan gözlərinə inana bilmir. Əslində isə otağın özü xüsusi formada hazırlanıb və beyin bunu adi otaq kimi qəbul etdiyi üçün illüziya yaranır.
Ən maraqlı məkanlardan biri də sonsuzluq güzgüləri zalıdır. İçəri daxil olan kimi öz əksin bir neçə dəfə təkrarlanır. Bir neçə saniyə sonra artıq harada dayandığını, hansı istiqamətə baxdığını belə itirirsən.
Maraqlı bölmələrdən biri “uçan otaq”dır. Burada fizika qanunları formal xarakter daşıyır. Şəkildə elə görünür ki, insanlar tavanda gəzir, stol havada dayanır, stullar isə divara yapışıb. İnsan şəkil çəkdirərkən bir neçə saniyəlik də olsa, özünü tamamilə başqa reallıqda hiss edir.

c99f1ef6-3d6b-44c9-8dd1-809369ea03f3.jpeg

“Yarım bədən” illüziyası isə xüsusi diqqət çəkir. Güzgü sistemi vasitəsilə insanın bədəninin yarısı yox olmuş kimi görünür. Turistlər daha bu eksponatın qarşısında növbəyə dayanır, eyni şəkli dəfələrlə çəkdirirdilər. Maraqlısı isə o idi ki, hamı bunun sadəcə illüziya, saxta olduğunu bilir, amma yenə də gözləri gördüyünə inanırdı.

f855d7d0-6ee4-4807-8fd2-af88afd12b2d.jpeg

Buradakı dekorasiyalar arasında adi insanların heç vaxt gedə bilməyəcəyi və ya yalnız filmlərdə gördüyü məkanlar da var. "Praqa astronomik saatı"nın qarşısında dayanmaq, imperator xəzinəsini açmaq, yaxud pivə bokalına salınmaq mümkündür. Burada sizi balacalaşdıran və ya nəhəngə çevirən sehrli otaqlar və stullar da mövcuddur.

e587657d-b123-498d-9c95-ed5ff4019c8d.jpeg

Muzeydə prima balerinaya çevrilmək, güzgüdə öz “həqiqi” simanızı görmək, dünyanın ən gözəl insanına çevrilmək və daha onlarca qeyri-adi təcrübə yaşamaq mümkündür. Hər otaq insanı yeni bir səhnənin içinə salır. Burada insan bir həqiqəti anlayır: “Gördüyümüz hər şey həqiqət deyil”. Bəzən beynimiz reallığı özü yaradır. Perspektiv, işıq, güzgü, rəng və məkan oyunu insan beynini rahatlıqla aldada bilir.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Избранный
72
musavat.com

1Источники