Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İspaniyanın “Sevilya” futbol klubunu almaq üçün hələ də mübarizə aparan Serxio Ramos paralel olaraq “Barselona”nın gənc hücumçusu Toni Fernandesi də komandaya gətirmək yönündə işlər görür.
İdman.Biz xəbər verir ki, Ramosun gələcək “Sevilya” layihəsində əsas hədəflərdən biri 17 yaşlı futbolçudur. “Barselona” ilə 2027-ci ilə qədər müqaviləsi olan Toni Fernandes “La Masiya”nın ən perspektivli hücumçularından sayılır.
Toni Fernandesin “Barselona Atletik”dəki mərhələsinin başa çatdığı hesab olunur. Kataloniya klubu onun inkişafı üçün daha rəqabətli mühit axtarır. Hans-Diter Flik gənc futbolçunu daha əvvəl əsas komandanın hazırlıq prosesinə cəlb edib. O, 4 yanvar 2025-ci ildə “Barbastro”ya qarşı İspaniya Kuboku oyununda əsas komandada debüt edib və həmin vaxt 16 yaş, beş ay, 17 günlük olub.

“Sevilya” isə hücum xəttini gəncləşdirmək və gələcəyə hesablanmış layihə qurmaq niyyətindədir. Toni Fernandes bu baxımdan Əndəlus klubunun planlarına uyğun profil kimi görünür. Ramosun komandada idman strukturunu yeniləmək üçün Mark Boyxasanı ön plana çıxaracağı da iddia olunur.
Transferin asan baş tutmayacağı qeyd edilir. “Barselona” futbolçu üzərində nəzarəti itirmək istəmir. Bu səbəbdən danışıqlarda icarə, geri alma bəndi ilə satış və ya qarışıq formula gündəmə gələ bilər.
Qeyd edək ki, Ramosun rəhbərlik etdiyi investor qrupu "Sevilya"nın alınması yönündə əvvəl razılaşdırılan şərtləri son mərhələdə dəyişib. Ramosun tərəfi ilkin 450 milyon avroluq (900 milyon AZN) razılaşmadan geri çəkilərək daha aşağı məbləğ təklif edib.
Məlumata görə, yeni təklif təxminən 220 milyon avro (440 milyon AZN) səviyyəsindədir. Plan 86 min səhm əvəzinə 30 min səhm almağı və 80 milyon avro (160 milyon AZN) əvəzinə 120 milyon avroluq (240 milyon AZN) kapital artırımı etməyi nəzərdə tutur. Bu halda Ramos “Sevilya”nın təxminən 60 faizinə nəzarət edə bilər.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.