RU

“Pandemiyadan daha pisdir”

ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tam blokada səbəbindən Kubanın turizm sektoru ciddi böhranla üz-üzə qalıb. Ölkəyə gələn xarici turistlərin sayında kəskin azalma qeydə alınıb.

VAXT.AZ “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Kuba hökumətinin statistikasına görə, ilin ilk rübündə ölkəyə təxminən 298 min xarici turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalma deməkdir.

Turizmin ən canlı dövrü hesab olunan 2017-2018-ci illərdə adaya ayda orta hesabla 400 min xarici turist gəlirdi.

Qəzetə danışan kubalı iqtisadçı Pavel Vidal Alexandro bildirib ki, turizm ölkənin təxminən 30 milyard dollarlıq iqtisadiyyatının 8 faizini təşkil edir, yüz minlərlə insan üçün məşğulluq yaradır və əsas valyuta mənbələrindən biridir.

Dərinləşən iqtisadi böhran və yanacaq çatışmazlığı səbəbindən son aylarda “Air France” və “Air Canada” daxil olmaqla bir sıra aviaşirkətlər Kubaya uçuşlarını dayandırmağa məcbur olub.

Küçələrdə toplanan tullantılar, eləcə də səhiyyə sistemindəki geriləmə də turizm sektoruna mənfi təsir göstərir.

Köhnə Havana bölgəsində həyat yoldaşı ilə hotel işlədən italiyalı sahibkar Andrea Qallina aprelin 1-də fəaliyyətlərini dayandırdıqlarını bildirib.

Onun sözlərinə görə, yanacaq böhranı və elektrik kəsintiləri dərinləşdikcə hotelin doluluq səviyyəsi 20 faizdən 5-ə qədər geriləyib: “Pandemiya dövründəki kimidir, amma vəziyyət daha da pisdir. Köhnə Havana səhraya bənzəyir. Heç bir turist yoxdur”.

Havana sahilində dəniz məhsulları restoranı işlədən Alexandro Herrera da gəlirlərinin 90 faiz azalması səbəbindən obyektini bağlamağı düşündüyünü deyib. O, qeyd edib ki, iqtisadi vəziyyət insanları yalnız zəruri xərclərlə kifayətlənməyə məcbur edir.

Bu arada Vaşinqton və Havana arasında siyasi gərginlik də artmaqda davam edir. ABŞ Ədliyyə Nazirliyi ötən həftə Kubanın keçmiş lideri Raul Kastro barəsində 1996-cı ildə baş vermiş təyyarə insidenti ilə bağlı ittiham irəli sürüldüyünü açıqlayıb.

94 yaşlı Raul Kastro və daha dörd nəfərin “ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə sui-qəsd hazırlamaqda” ittiham olunduğu bildirilib.

Kubanın hazırkı Prezidenti Migel Diaz-Kanel isə ittihamları “siyasi manipulyasiya” adlandıraraq, bunun Kubaya qarşı mümkün hərbi təzyiqləri əsaslandırmaq məqsədi daşıdığını bəyan edib.

Digər tərəfdən, Rusiya və Çin humanitar böhran yaşayan Kubaya yardım göndərib. ABŞ mart ayının sonunda təxminən 730 min barel neft daşıyan Rusiya tankerinin Kuba limanına daxil olmasına icazə vermişdi.

Çin isə ümumilikdə 60 min ton düyünün Kubaya göndəriləcəyini açıqlayıb. Migul Dias-Kanel mayın 25-də ölkəyə çatan ilk 15 min ton düyünü “nəcib həmrəylik jesti” adlandıraraq Pekinə təşəkkür edib.

Избранный
52
vaxt.az

1Источники