RU

Tarix qarşısında misilsiz məsuliyyət - Əkbər QOŞALI yazır

1918-ci ilin 28 may günü! Günə sığmayan gün!
 
O gün – bir millətin öz yığvalını öz əlinə alma iradəsinin, susdurulmuş bir haqqın, içində köz kimi qorunan dövlətçilik ruhunun yenidən alovlandığı gündür. O gün, Yerin Gündoğarında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünyaya duyuruldu.  
 
Tarixdə elə günlər var, onlar təqvimdən daha dərində – ulusun alın yazısında yaşayır. 28 May bax belə bir gündür.
 
Bu tarix bir dövlətin quruluşundan daha artıq anlam daşıyır. Bu, bir ulusun “mən varam” deməsi idi. Çar imperiyasının dağıntıları içində, siyasi xaosun, savaşların, işğalların, aclığın və qeyri-müəyyənliyin hökm sürdüyü bir zamanda Azərbaycan aydınları, milli düşüncə adamları, istiqlal mücahidləri tarix qarşısında misilsiz bir məsuliyyət göstərdi. Onlar müstəqil dövlət qurarkən gələcəyin Azərbaycanını üfüqgenişliyi ilə təsəvvür etdi.
 
Bu baxımdan, İstiqlal Bəyannaməsi bir hüquqi sənəd olmaq etibarıyla, milli ruhun çağırışı, sözün ən olumlu anlamı ilə – hayqırışı idi!
 
Bəli, Azərbaycan Xalq Cümhuriyyəti çox yaşamadı – toplam 23 ay, başqa sözlə, 701 gün…
Ancaq bəzi dövlətlər onillər yaşayıb tarixdə iz qoya bilmir yaxud elə iz qoyur, deyirsən “iz qoymasa daha yaxşı olardı”; bizim şanlı Cümhuriyyət isə iki ilə ulusun əbədi yaddaşına çevrildi, dörd yanaş Günəş kimi şəfəq saçdı. Qısa ömründə parlament yaratdı, dövlət atributlarını təsis etdi, milli ordu qurdu, qadınlara seçki hüququ verdi, universitet açdı, diplomatik münasibətlər formalaşdırdı, milli kimlik şüurunu dirçəltdi… daha da nə mümkündü onu etdi.  
Əslində, Azərbaycan Cümhuriyyəti gündoğarla günbatarın qovuşduğu tarixi körpünu qurmuş oldu. Bir tərəfdən türk-islam mədəniyyətinin mənəvi dəyərlərinə söykənir, digər tərəfdən Avropa parlamentarizmini, hüquqi dövlət modelini və demokratik idarəçilik prinsiplərini mənimsəyirdi. Bu sintez əsla təsadüf sayılmamalı, Azərbaycan coğrafiyasının, mədəniyyət iqliminin və ruhunun təbii ifadəsi bilinməlidir.
 
O dönəmin qurucu şəxsiyyətləri – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları – milli zamanın memarları idi. Onların qurduğu dövlət süqut etsə də, ideyası süqut etmədi.
 
1920-ci ilin işğalı müstəqil Azərbaycan dövlətçiliyini formal olaraq dayandırsa da, milli istiqlal düşüncəsini məhv edə bilmədi. Sovet totalitarizminin sərt illərində belə, 28 May xatirəsi ulusun ruhunda gizli bir istiqlal alxışı, axışı kimi yaşadı. Bu anlamda, Cümhuriyyət ideyası həm də milli-mənəvi dirəniş enerjisi idi.
 
XX yüzilin sonlarında Azərbaycan yenidən müstəqillik qazandıqda tarix ikinci dəfə qapımızı döydü; lakin artıq dünya dəyişmişdi, bölgə dəyişmişdi, çağırışlar dəyişmişdi. Belə keşməkeşli bir dönəmdə dövlətçiliyin qorunması məsələsi meydana çıxdı. Ümummilli lider Heydər Əliyev məhz bu məqamda müstəqilliyi ideyadan sistemə, arzudan dövlət strategiyasına çevirdi. – Bəli, müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir. – Bu fikir əslində Azərbaycanın son 30-35 illik tarixinin siyasi-fəlsəfi düsturudur.
 
Müstəqil Azərbaycan indi, ata vəsiyyətini ləyaqətlə yerinə yetirmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib dövlətdir. Qarabağda, Zəngəzurun gündoğarında dalğalanan üçrəngli Zəfər bayrağımız, həm də 1918-ci ildə başlanan dövlətçilik yürüşünün uğur mərhələsidir.  
Bir zamanlar parlament binasından endirilən o bayraq, otuzillik həsrətdən sonra Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda, yüzillik ayrılıqdan sonra isə Xankəndidə dalğalanırsa – deməli, tarix tamamlanmır, davam və inkişaf edir. Azərbaycanın istiqlal ruhu heç zaman məğlub olmayıb. – 28 Mayın ən böyük anlamı da elə budur!
 
Bu gün biz yalnız keçmişi xatırlamırıq; gələcəyi də qururuq. Cümhuriyyətin qurucuları milli dövlətin təməlini atmışdı, çağdaş Azərbaycan isə həmin təməli beynəlxalq nüfuza və qalib siyasi iradəyə çevirib.
 
28 May – Müstəqillik Günü – bizim özümüzə dönüş günümüzdür. Bir ulusun yenidən ayağa qalxmasının, öz yaddaşını geri qazanmasının, bayrağını tarixdən gələcəyə daşımasının günüdür 28 May.
 
Müstəqillik – qazanılmış hüquqdan çox daha üstün – qorunan, yaşadılan və gələcək nəsillərə ötürülən qutsal əmanətdir. 1991-ci ildə onu bərpa etmişik, 1993-cü ildə onu qorumuşuq, 2020-ci ildə Zirvəyə daşımış, 2023-cü ildə nəhayət bütün yadellilərdən, işğalçı, separatçı ünsürlərdən azad etmiş, 2024-cü ildə sülhməramsızlardan da arındırmışıq! 2024-cü ildə sülhməramsız hərbi bölmələr ölkəmizdən çıxınca, bu, 104 illik faktiki, zahiri, formal… – artıq nə desəniz – Kreml işğalçılıq siyasətinin Qarabağda, Azərbaycan Respublikası ərazisində birdəfəlik sonlandırılması oldu.
 
Şəhidlər ölmədi, Vətən bölünmədi!
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Избранный
5
1
moderator.az

2Источники