28 May – Müstəqillik Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız xalqımız üçün deyil, bütün Şərq və müsəlman aləmi üçün mühüm tarixi hadisə idi. Çünki məhz həmin gün Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası quruldu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi hadisə deyildi. XIX əsrin sonu və XX əsrin əvvəllərində xalqımızın qabaqcıl ziyalıları, maarifçiləri və mütəfəkkirləri milli oyanış ideyalarını geniş yayaraq azadlıq və istiqlal düşüncələrinin formalaşmasına mühüm töhfələr verdilər.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində olduqca mühüm addımlar atdı. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu formalaşdırıldı, dövlət bayrağı qəbul olundu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı.
Dövlət idarəçiliyində demokratik prinsiplər əsas götürüldü, bütün vətəndaşlara milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Bu amillər həmin dövr üçün olduqca mütərəqqi və nümunəvi yanaşma idi.
1920-ci ilin aprel ayında bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə sovet hakimiyyəti altına keçdi. Bununla belə, xalqın azadlıq arzusu heç zaman sönmədi.
XX əsrin sonlarında Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyinə qovuşsa da, müstəqilliyin qorunub saxlanılması olduqca çətin tarixi şəraitdə mümkün oldu. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi ağır sınaqlardan keçərək möhkəmləndi, ölkədə sabitlik təmin olundu və müasir inkişaf mərhələsinin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Bu strategiya bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müstəqil, güclü və inkişaf edən dövlət kimi dünya miqyasında tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, beynəlxalq layihələrdə fəal iştirakı, enerji və nəqliyyat sahəsində mühüm mövqeyi ölkəmizin müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini göstərir.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması müasir Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bir daha təsdiqlədi.
28 May – Müstəqillik Günü xalqımızın milli qürurunun, azadlıq əzminin və dövlətçilik iradəsinin təntənəsidir. Bu müqəddəs tarix gələcək nəsillərə müstəqilliyin dəyərini, dövlətçiliyin əhəmiyyətini və milli birliyin gücünü xatırladan əbədi bir irs olaraq yaşayacaqdır.