"28 May - Müstəqillik Günü Azərbaycan xalqının yalnız siyasi istiqlalının deyil, həm də milli dövlətçilik düşüncəsinin, maarifçilik ənənələrinin və müasir cəmiyyət quruculuğu ideyasının təntənəsidir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyəti qısa müddət mövcud olsa da, həyata keçirdiyi siyasətlə sübut etdi ki, güclü dövlət yalnız sərhədlərlə deyil, savadlı insan kapitalı, milli düşüncə və intellektual inkişafla qurulur:

"Bu baxımdan Müstəqillik Günü təkcə tarixi hadisənin xatirəsi deyil, həm də dövlətin gələcəyi üçün strateji dərsdir.Azərbaycan Cümhuriyyəti yaranan ilk gündən anlayırdı ki, siyasi müstəqilliyin qorunması üçün intellektual müstəqillik də vacibdir. Məhz buna görə təhsil dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edildi. Ağır iqtisadi və siyasi vəziyyətə baxmayaraq təhsilin milliləşdirilməsi, məktəblərin açılması, müəllim hazırlığı, ana dilində tədrisin genişləndirilməsi və universitet yaradılması dövlət maraqları baxımından strateji məsələ hesab olundu.
1919-cu ildə Bakı Universitetinin yaradılması isə milli elmi düşüncənin formalaşdırılması, dövlət idarəçiliyi üçün milli kadrların hazırlanması və ölkənin intellektual təhlükəsizliyinin təmin olunması baxımından böyük tarixi addım idi. Bu gün də Müstəqillik Günü bizə xatırladır ki, müstəqillik yalnız siyasi akt deyil, savadlı və düşünən cəmiyyətin mövcudluğu ilə möhkəmlənən milli dəyərdir.
Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti müasir dövr üçün də mühüm nümunələr təqdim edir. Cümhuriyyət hökumətinin gəncləri Avropaya təhsil almağa göndərməsi uzaqgörən dövlət siyasəti idi. Məqsəd yalnız diplomlu şəxslər yetişdirmək deyil, müasir idarəçilik, mühəndislik, tibb və hüquq biliklərini ölkəyə gətirmək idi. Bu gün də dövlətlərin gücü təbii sərvətlərlə deyil, insan kapitalı ilə ölçülür.
Buna görə keyfiyyətli təhsil, beynəlxalq rəqabətə davamlı kadr hazırlığı və texnologiya yönümlü inkişaf prioritetdir. Azərbaycan Cümhuriyyətinin digər mühüm yanaşması isə milli kimliklə müasirliyin vəhdətini qorumaq idi. Azərbaycan Cümhuriyyəti həm milli dili və mədəniyyəti qorumağa çalışır, həm də Avropa təhsil modelindən faydalanırdı. Bu yanaşma müasir dövrdə də aktualdır, çünki qloballaşma şəraitində milli dəyərlərin, ana dilinin və dövlətçilik şüurunun qorunması strateji əhəmiyyət daşıyır".
Deputat qeyd edib ki, Azərbaycan Cümhuriyyəti həmçinin anlayırdı ki, savadsız cəmiyyət xarici təsirlərə daha açıq olur:
"Maarifçilik isə milli müqavimət gücü yaradırdı. Müasir dövrdə informasiya müharibələri, dezinformasiya və ideoloji təzyiqlər şəraitində təhsil artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Yüksək savadlı və tənqidi düşüncəyə malik cəmiyyət dövlətin dayanıqlığını artırır, milli maraqları daha düzgün müdafiə edir. Bu gün güclü dövlət quruculuğunda təhsilin rolu son dərəcə vacibdir. Müasir dünyada dövlətlərin gücü yalnız ordu və iqtisadiyyatla müəyyən olunmur. Ən güclü dövlətlər elmi inkişaf etmiş, innovasiya yaradan, texnologiya istehsal edən və düşünən vətəndaş yetişdirən ölkələrdir.
Təhsil iqtisadi inkişafın, siyasi sabitliyin, milli təhlükəsizliyin və sosial ədalətin əsasını təşkil edir. Savadlı cəmiyyət populizmə daha az meylli olur, qanunun aliliyinə daha çox hörmət edir və dövlət maraqlarını daha düzgün qiymətləndirir. Əksinə, zəif təhsil sistemi neqativ halları, sosial bərabərsizliyi və xarici asılılığı artırır. Buna görə təhsil məsələsi müasir dövlətçilikdə sadəcə sosial sahə deyil, strateji təhlükəsizlik və inkişaf məsələsidir.Müstəqillik Günü münasibətilə gənclərə veriləcək ən vacib mesaj isə budur ki, dövlətin gələcəyi yalnız siyasi qərarlarla deyil, savadlı və məsuliyyətli vətəndaşlarla formalaşır.
Azərbaycan Cümhuriyyətinin qurucuları gənc yaşlarında üzərlərinə böyük məsuliyyət götürərək dövlət yaratdılar və onların ən böyük silahı savad, dünyagörüşü və milli düşüncə idi. Bu gün də gənclər yaxşı təhsil almalı, dünyanı öyrənməli, texnologiyanı mənimsəməli, milli kimliyini və mənəvi dəyərlərini qorumalı və dövlətimizin daha da qüdrətlənməsi naminə çalışmalıdırlar. Güclü dövlət yalnız qanunlarla deyil, elmə, maarifə və milli şüura sahib cəmiyyətlə qurulur. Azərbaycan Cümhuriyyətinin bizə qoyduğu ən böyük miras da məhz budur: müstəqilliyi qorumağın yolu elm, maarif və milli düşüncədən keçir".