RU

İlkin qara dəliklər və "çılpaq" qalaktikalar: Kosmosun qədim sirləri açılır

Kosmosun qədim sirlərinə dair yeni araşdırmalar alimləri maraqlı nəticələrə gətirib. Astronomlar son illərdə “kiçik qırmızı nöqtələr” adlandırılan çox qədim və qəribə obyektlər aşkar ediblər. Bu obyektlər məlum qalaktikalara bənzəmədiyi üçün onların nə olduğu uzun müddət sirr olaraq qalırdı. Yeni tədqiqat isə göstərir ki, bu obyektlərdən biri demək olar ki, yalnız nəhəng qara dəlikdən ibarət olan qeyri-adi qalaktikadır.

Əvvəllər alimlər hesab edirdilər ki, əvvəlcə böyük ulduzlar yaranır, sonra onların partlayışı nəticəsində qara dəliklər meydana gəlir. Bu qara dəliklər zamanla birləşərək və ətrafdakı maddəni udaraq çox böyük ölçülərə çatırlar. Lakin problem ondadır ki, Böyük Partlayışdan cəmi bir milyard il sonra artıq çox nəhəng qara dəliklərin mövcud olduğu məlum olub. Halbuki həmin dövrdə Kainatda hələ kifayət qədər ulduz yaranmamışdı.

“Nature” jurnalında dərc olunan yeni araşdırmada alimlər Abell 2744−QSO1 adlı obyektin xüsusiyyətlərini öyrəniblər. Onların hesablamalarına görə, burada ən azı 50 milyon Günəş kütləsinə bərabər qara dəlik yerləşir. Maraqlısı budur ki, bu qalaktikadakı bütün ulduzların ümumi kütləsi həmin qara dəliyin kütləsindən də azdır. Yəni qalaktika demək olar ki, “çılpaq” qara dəlikdən ibarətdir.

Astronomlar bildirirlər ki, bu qədər böyük qara dəliyin bu qədər qısa müddətdə yaranmasını klassik nəzəriyyə ilə izah etmək çətindir. Çünki qara dəliklər maddəni müəyyən sürətdən artıq uda bilmirlər. Üstəlik, müşahidələr göstərir ki, Abell 2744−QSO1 maddəni normaldan da yavaş udur.

Tədqiqat zamanı daha bir maraqlı detal üzə çıxıb: qalaktikada ağır elementlər çox azdır. Adətən bu elementlər ulduzların daxilində yaranır. Bu isə göstərir ki, həmin qalaktikada çox az sayda ulduz olub.

Alimlər hesab edirlər ki, bu obyekt “ilkin qara dəlik” ola bilər. Yəni o, ulduzların partlayışı nəticəsində deyil, Kainatın ilk dövrlərində başqa proseslərlə yaranıb. Ehtimallardan biri odur ki, böyük qaz buludları birbaşa qara dəliyə çevrilib. Başqa versiyaya görə isə belə qara dəliklər Böyük Partlayışdan dərhal sonra yaranıb.

Bəzi alimlər isə qara dəliklərin əvvəlki kainat dövrlərindən “qalma” ola biləcəyini düşünürlər. Bu nəzəriyyəyə görə, qara dəliklər Böyük Partlayışdan sonra da mövcudluğunu qoruyub saxlayaraq sonradan qalaktikaların yaranmasına səbəb olub.

Yeni kəşf göstərir ki, Kainatın ilk dövrləri barədə bildiklərimiz hələ tam deyil və qara dəliklərin yaranması ilə bağlı nəzəriyyələr gələcəkdə ciddi şəkildə dəyişə bilər.

Hazırladı:

S.ELAY

XQ

Избранный
39
1
xalqqazeti.az

2Источники