RU

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Pekin, 28 may, AZƏRTAC

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib.

AZƏRTAC Yaponiya mediasına istinadən xəbər verir ki, bu addım hökumətin kəşfiyyat imkanlarını gücləndirmək məqsədi daşıyır.

Parlamentin Yuxarı Palatasının plenar iclasında səs çoxluğu ilə təsdiqlənən qanunu dəstəkləyənlər arasında hakim koalisiya - Liberal Demokrat Partiyası və Yaponiya İnnovasiya Partiyası və digər siyasi qruplar olub. Konstitusiya Demokrat, Kommunist və Sosial Demokrat partiyaları qanunun əleyhinə səs veriblər.

Qanunda kəşfiyyat bürosuna nazirliklərdən və digər dövlət qurumlarından məlumatları toplamaq və təhlil etmək səlahiyyəti verilir.

Hökumət kəşfiyyat bürosunu iyunda təsis etməyi planlaşdırır. Analitiklər hesab edir ki, büro Yaponiyanın kəşfiyyat imkanlarını yaxşılaşdırmaq üçün son dərəcə vacib addımdır.

Xalq Naminə Demokrat Partiyasından Uşida Mayu bildirib ki, Yaponiyanı əhatə edən təhlükəsizlik mühiti əvvəlkindən daha çoxqatlı və mürəkkəb hala gəlib. Dəqiq məlumatlara əsaslanan sağlam siyasətin həyata keçirilməsi milləti və xalqını qorumaq üçün ən vacib təməldir.

Qanuna əsasən Nazirlər Kabineti nəzdində milli kəşfiyyat şurası da yaradılacaq. Baş nazirin sədrlik edəcəyi şuraya Nazirlər Kabinetinin katibi, bir neçə nazir daxil olacaq. Milli kəşfiyyat bürosu şuranın əməliyyat katibliyi kimi xidmət göstərəcək.

Bu genişmiqyaslı islahat, müdafiə, diplomatik, polis və təhlükəsizlik nazirlikləri arasında kəşfiyyat toplama səylərini birləşdirməyi və mərkəzləşdirməyi hədəfləyir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Избранный
31
1
azertag.az

2Источники