Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və üzvləri 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə Bakı şəhərində yerləşən “Nur” uşaq evini ziyarət ediblər.
Xeyriyyə missiyalı ziyarət çərçivəsində uşaq evinin sakinləri üçün bayram süfrəsi təşkil olunub, onlara müxtəlif hədiyyələr və zəruri ehtiyac vasitələri təqdim edilib.
Tədbirdə çıxış edən AQC sədri Vüqar Oruc uşaqları və müəssisə rəhbərliyini ikiqat bayram münasibətilə təbrik edib. O, dövlətimizin müstəqillik tarixinə toxunaraq, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin ölkəmizin gələcəyi üçün daşıdığı mühüm əhəmiyyəti vurğulayıb.
“Bizim ən böyük vəzifəmiz gələcəyimiz olan uşaqlara dəstək olmaqdır. Müstəqil Azərbaycanın hər bir övladı vətənpərvər, dövlətinə və xalqına sadiq bir fərd kimi yetişməlidir,” – deyə Vüqar Oruc qeyd edib.
AQC sədri həmçinin Qurban bayramının cəmiyyətdəki yardımlaşma, həmrəylik və şəfqət duyğularını gücləndirdiyini bildirib.
Görüş zamanı cəmiyyət üzvləri uşaqlarla səmimi söhbətlər edib, onların dərsləri, gələcək arzuları və maraq dairələri ilə maraqlanıblar. Uşaqların sevincinə səbəb olan bu ziyarət həm fərəhli, həm də duyğu dolu anlarla yadda qalıb.
“Nur” uşaq evinin rəhbərliyi və kollektivi göstərilən bu nəcib diqqət və qayğıya, eləcə də uşaqlara bəxş olunan bayram ovqatına görə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyinə və üzvlərinə dərin təşəkkürlərini bildiriblər.