RU

Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi Səxavət Məmməd yazır

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Ruslar bu coğrafiyanı xanlıq-xanlıq işğal etdi, quberniyalara böldü. Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının Azərbaycana ən böyük töhfəsi o quberniyaları vahid bir ad altında birləşdirib yoxdan bir dövlət qurmaları oldu. Cümhuriyyət yoxdan var oluşun bir nümunəsidir.

Cümhuriyyət haqqında çox yazılıb, çox danışılıb, bütün təbliğatları da dəstəkləyirəm. Ancaq hesab edirəm ki, hazırda ən aktual məsələ kimi Cümhuriyyətin niyə süqut etməsinə fokuslanmaq lazımdır. Cümhuriyyət, qısacası, iki amilə görə süqut etdi: daxili və xarici amillər. Burdan durub o dövrdəkilərə ağıl öyrətmək çox asandır. Ancaq o dövr son dərəcə mürəkkəb, son dərəcə qəliz olub. Zaman dəyişsə də, oyunçular və proseslər o qədər də ciddi dəyişməyib. Yenə müharibələr, yenə dəyişən maraqlar, yenə işğalçılıq, yenə kiçik dövlətlərin var olub-olmamaq mübarizəsi və bolşeviklər...

O dövr üçün xarici amillər Cümhuriyyətin ziyanına idi. Digər tərəfdən, daxildə də kifayət qədər problemlər vardı. Niyə süqutu çox araşdırmalıyıq? Çünki var olmaq üçün o dövrü araşdırmadan yola çıxmaq ancaq və ancaq ziyanımıza işləyəcək. Düzdür, o dövrdə daxildə təhsil demək olar ki, yox idi, xaricdə təhsil alanların ümidinə qalmışdılar. İndi də ölkədə təhsili məhv edilib, xaricdə sertifikat alanların əlində qalmışıq. O dövrdə də torpaq və digər islahatlar aparılmamışdı, indi də islahatlara ehtiyac var. O dövrdə bolşeviklər xaricdən — indiki adla Rusiyadan transfer olunurdu. İndi isə yerli bolşeviklərimizin əlində qalmışıq. O dövrdə də xalq aşağılanırdı — "N" qədər materiallar, məqalələr, şeirlər var. İndi də xalq aşağılanır. O dövrdə xalqı cahilliyə görə aşağılayırdılar, indi isə nəsə istədiyinə görə aşağılayırlar. İndi daha betərdir: dəlicəsinə, vəhşicəsinə! Allah insanı yaradır, sonra kitab göndərir ki, mənə ibadət elə. İnsanlar da dövləti yaradır ki, mənə xidmət elə. Yaradanın xislətində var tələb etmək. Neynəmək olar. O dövrdə də xalqın inancına dil uzadırdılar, çadrasını başından atırdıları, indi də xalqı inancına görə yıxıb sürüyürlər. O dövrün qəzetlərini oxuyanda qoyulan problemlərə baxırsan, indiki dövrün problemlərindən fərqli deyil. O dövrdə də bir fəhlənin başının üstündə 5-6 ağa durub komanda verirdi, indi də. Yəni dəyişməmişik. Sadəcə olaraq rəqəmlər dəyişib. O dövrdə də, indi də, sabah da bu coğrafiya dünyanın ən mürəkkəb coğrafiyası olaraq qalacaq! O dövrdəki problemləri anlayıram, anlayışla qarşılayıram. Yoxdan var edəndə problemlər də olmalıdır.

Ancaq bu günə qədər o dövrün problemlərini araşdırıb çoxdan aradan qaldırmalı idik.

O dövrdə də ermənilər başımızın altına yastıq qoyurdu, hətta konfederasiya olacaqlarından belə dəm vururdular. İndi də Paşinyan gözəl vədlər verir. Bu da dəyişməyib, a kişi.

Bu gün nə işlə məşğuluq? Adamlar borc içində dövlət qurublar, otelə verməyə pulları olmayıb, indi insanlar borc içində üzür. Ölkədə ailə institutu dağılıb, boşanmalar pik həddə çatıb, uşaq doğumu ən aşağı səviyyəyə düşüb, Milli Məclisin dərdi "arvad" sözüdür. Arvad sözünü dəyişməklə bu boyda dağıntı düzələcəksə, mən razı. Başqa işiniz, gücünüz yoxdur? Nə isə...

Mənim üçün Cümhuriyyətin, 28 Mayın yeri tam başqadır, dövlət anlayışı da. Bu, öncə ailədən gəlir, sonrası da oxuduqlarımdan, öyrəndiklərimdən. Ümumiyyətlə, hər şeyin azadını, müstəqilini sevirəm! Yuxarıda çoxlu problemləri saydım, ona görə ki, bilirəm, insanların bayram etmək halı yoxdur. Hətta 44 günlük müharibənin də dadını çıxara bilmədik. Ancaq yenə də hər kəsin Cümhuriyyət Bayramını təbrik edirəm! Əbədi olsun!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
adalet.az

2Источники