RU

Qara dənizdə Türkiyə gəmisi vuruldu - Yaralılar var - FOTOLAR

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu olub. Zərbə nəticəsində yaralananlar var.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“28 may axşamı Ukraynanın Odessa limanından Türkiyəyə quru yük daşıyan, Vanuatu bayrağı altında üzən və Türkiyə sahibkarına məxsus olan gəmi PUA hücumuna məruz qalıb. Nəticədə heyət üzvlərindən olan iki vətəndaşımız yüngül xəsarət alıb”, - deyə diplomatik qurum qeyd edib.

Qurum əlavə edib ki, Odessadakı Baş Konsulluq gəmidə olan Türkiyə vətəndaşlarının vəziyyətini yaxından izləyir. Ankara Qara dənizdəki hərbi vəziyyətlə bağlı narahatlığını və mümkün mənfi nəticələr barədə xəbərdarlıqlarını bütün tərəflərə çatdırıb.

“Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması və müharibənin danışıqlar yolu ilə başa çatdırılması ilə bağlı çağırışlarımız aktuallığını qoruyur”, - deyə bəyanatda vurğulanıb.

Reuters agentliyi 28 may tarixində Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumları edildiyini bildirib. Məlumata görə, “James II” adlı, Palau bayrağı altında üzən tanker Türkiyənin Tərkili bölgəsinin təxminən 80 km şimalında hücuma məruz qalıb. Digər iki gəmi - “Altura” və “Velora” isə Sierra Leone bayrağı altında yaxın ərazidə hədəf alınıb.

gəmi.jpg

gəmi

Şahanə Rəhimli
Musavat.com

Избранный
37
musavat.com

1Источники