RU

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunan rəsmi tədbir keçirilib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə paytaxt Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

XQ xəbər verir ki, tədbirdə ABŞ-nin yüksəksəviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, 100-dən çox hərbi attaşelik təmsilçisi, ictimaiyyət nümayəndələri və azərbaycanlı icmasının üzvləri iştirak ediblər. Tədbirin əvvəlində “Yeddi gözəl” musiqi qrupunun ifasında Azərbaycan Respublikasının və ABŞ-nin dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu il Müstəqillik Günü Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyinin qeyd olunması ərəfəsində keçirilir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfir Azərbaycan ilə ABŞ arasında münasibətlərin rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, son bir ildə Prezident İlham Əliyevin Vaşinqtona 2 dəfə səfər etdiyini xatırladaraq, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Səfir bu əlaqələrin bir çox sahələri əhatə etdiyini bildirərək, münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Ardınca çıxış edən ABŞ dövlət katibi köməkçisinin müavini Sonata Koulter Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib. O, builki bayramın ABŞ-Azərbaycan münasibətlərində tarixi bir dövrə təsadüf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən ildən etibarən iki ölkə arasındakı münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. Koulter bildirib ki, vitse-prezident Vensin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığa dair sənədin imzalanması əlaqələrin daha da möhkəmlənməsinə və görünməmiş səviyyəyə yüksəlməsinə təkan verib. O qeyd edib ki, gələn həftə Bakıda ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək və bu təşəbbüs Strateji Tərəfdaşlıq Xartiyasında əks olunan ortaq baxışın həyata keçirilməsində mühüm mərhələ olacaq. Dövlət Departamentinin təmsilçisi ABŞ-nin Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini bildirib.

Hərbi attaşenin vəzifələrini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli çıxışında qeyd edib ki, Azərbaycan ABŞ ilə tərəfdaşlığı yüksək qiymətləndirir və illər ərzində bu münasibətlər müdafiə, təhlükəsizlik və regional sabitlik sahələrində güclü strateji əməkdaşlığa çevrilib. O, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərinə toxunaraq, Azərbaycan Silahlı Qüvvələri ilə Oklahoma Milli Qvardiyası arasında mövcud olan davamlı tərəfdaşlığı xüsusi vurğulayıb. K. Tahirbəyli bildirib ki, bu əməkdaşlıq ortaq təlimlərə, qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır. Onun sözlərinə görə, iki ölkə birgə fəaliyyət vasitəsilə təhlükəsizliyin möhkəmləndirilməsinə, sabitliyin təşviqinə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafına töhfə verir. Kamran Tahirbəyli ABŞ-nin bölgədə sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını ifadə edib.

ABŞ müharibə katibinin köməkçisinin müavini Endryu Lumis isə çıxışında Azərbaycanın geostrateji baxımdan mühüm əhəmiyyətə malik regionda yerləşdiyini və mühüm tərəfdaş kimi qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında silahlı qüvvələr sahəsində əməkdaşlıq uzun tarixə malikdir. E. Lumis qeyd edib ki, Azərbaycan iyirmi ildən artıq müddətdə ABŞ ilə çiyin-çiyinə xidmət edib və Əfqanıstanı tərk edən son ölkələrdən biri olub. O əlavə edib ki, peşəkar hərbi təhsil proqramları, regional təlimlər və hərbçilər arasında formalaşan əlaqələr tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Oklahoma Milli Qvardiyasının briqada generalı Kolbi Uayt ötən ilin avqustunda Ağ Evdə keçirilmiş tarixi görüşü xatırladaraq bildirib ki, həmin hadisədən bir neçə gün sonra ABŞ Prezidentinin 907-ci düzəlişlə bağlı sənədi imzalaması nəticəsində Oklahoma ilə dövlət tərəfdaşlığı proqramı yenidən qüvvəyə minib. O vaxtdan bəri bir sıra birgə tədbirlərin keçirildiyini qeyd edən general yaxın illərdə əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdacağına əminliyini ifadə edib. O, həmçinin Konqres tərəfindən 907-ci düzəlişin tam ləğv edilməsinin bu əlaqələrin daha da inkişafı üçün əlavə imkanlar yaradacağını vurğulayıb.

Tədbirdə, həmçinin ABŞ-nin bir sıra ştat və şəhərlərinin rəhbərləri tərəfindən 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamələr elan olunub.

Qəbul zamanı Azərbaycan diasporunun fəal nümayəndəsi, həkim Şahpur Ənsariyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə xüsusi plaket təqdim edilib.

Tədbirin qeyri-rəsmi hissəsində qonaqlara Azərbaycan və Amerika mətbəxinin nümunələri təqdim olunub, canlı musiqi proqramı təşkil edilib.

Избранный
5
2
xalqqazeti.az

3Источники