RU

Murad Musayev: “Ən böyük arzum futbolu “Qəbələ”də bitirməkdir” MÜSAHİBƏ

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qəbələ” olduqca gərgin və dramatik keçən mövsümün sonunda Premyer Liqadakı yerini qorumağı bacardı. Pley-off oyununda “Mingəçevir” üzərində qazanılan 2:0 hesablı qələbə komandanın elitada qalmasını rəsmiləşdirdi.

Oyundan sonra “qırmızı-qaralar”ın kapitanı Murad Musayev futbolinfo.az saytının suallarını cavablandırıb.

– Premyer Liqadakı yerinizi qorumağı bacardınız. Oyundan öncə “Mingəçevir”i favorit görənlərin sayı da az deyildi. Sizcə, qarşılaşmada qələbəni şərtləndirən əsas amillər hansılar oldu?

– Təbii ki, bizim üçün əsas və yeganə hədəf Premyer Liqadakı yerimizi qorumaq idi. Oyundan əvvəl “Mingəçevir”i favorit görənlər yəqin ki, sadəcə “Qəbələ”ni istəməyən tərəflər idi, bu da futbolda normaldır. Amma düzgününü və həqiqəti danışsaq, bizim bu qarşılaşmada qalib gəlməyimiz tamamilə qanunauyğun idi. Meydandakı təcrübəmiz və ümumi keyfiyyətimiz, təbii ki, bu vacib qələbəni qazanmağımızı şərtləndirən ən əsas amillər oldu.

– Komandanızın vurduğu ilk qolda pay sahibi oldunuz. Lakin son anda rəqibin toxunuşu oldu və sizin adınız qeyd olunmadı…

– Hər zaman meydana çıxanda komandama maksimum xeyir vermək üçün çalışıram. Həmin epizodda da vurduğum top birbaşa qapıya gedirdi, sadəcə yolda rəqib oyunçuya toxunaraq istiqamətini dəyişdi. Əslində, qaydalara görə və məntiqi baxımdan o qolun mənim adıma yazılmalı olduğunu düşünürəm. Lakin burada fərdi uğur ikinci plandadır, ən vacibi komandanın yekunda qalib gəlməsi idi, bunu da bacardıq.

– Mövsüm ərzində “Qəbələ” sərgilədiyi baxımlı oyunla yadda qalsa da, topladığı xallar gözləntiləri doğrultmadı. Sizcə, bu uğursuzluğun və ya xal itkilərinin əsas səbəbkarı kimdir və ya nədir?

– Bunu təkcə biz yox, bütün futbol ictimaiyyəti deyir ki, “Qəbələ” meydanda həqiqətən gözəl və baxımlı futbol oynayırdı. Amma bəzən sadəcə oyun yetmir, nəticə lazımdır. Biz mövsümboyu yaradılan çoxsaylı əlverişli imkanlardan lazımınca istifadə edə bilmədik. Bunun da kökündə dayanan əsas səbəb məhz təcrübə çatışmazlığı idi, başqa heç bir qeyri-adi amil axtarmağa ehtiyac yoxdur.

– Premyer Liqadakı yerinizi qorudunuz. Komandanın kapitanı olaraq, geridə qalan çətin mövsümü necə dəyərləndirərdiniz?

– Bizim üçün həddindən artıq ağır, gərgin və çətin bir il oldu. Çox böyük təzyiqlər yaşadıq. Amma hər şeyə rəğmən, şükürlər olsun ki, qarşımıza qoyulan əsas hədəfə çatdıq və komandanı liqada saxlamağı bacardıq.

– Növbəti mövsümdə “Qəbələ”nin hədəfləri nədən ibarət olacaq? Komandanın daha iddialı olması üçün heyətdə və ya başqa hansı dəyişikliklərə ehtiyac var?

– Futbolda yüksək və yaxşı nəticələr qazanmaq üçün, ilk növbədə, yaxşı maddi imkanlar mütləqdir. Müasir reallıq bunu tələb edir. Düşünürəm və inanıram ki, klub rəhbərliyi “Qəbələ”nin gələcəyi, komandanın yenidən iddialı mövqelərə qayıtması üçün nə lazımdırsa, hamısını edəcək.

– Premyer Liqada rəqabət getdikcə artır. Geridə qoyduğumuz mövsüm göstərdi ki, legioner limitinin ləğv olunması maliyyə imkanları geniş olan klublara daha keyfiyyətli əcnəbi oyunçular gətirmək şansı yaradır. Bu mənada azarkeşlərin də “Qəbələ”dən yüksək səviyyəli transfer gözləntiləri var. Mövcud şərtləri nəzərə alsaq, “Qəbələ”nin gələn mövsüm iddialılar sırasında yer alması və avrokuboklara vəsiqə qazanması nə dərəcədə real görünür?

– İndiki transfer bazarında əgər imkanların yaxşıdırsa, əlbəttə ki, yaxşı və keyfiyyətli oyunçuları ala bilirsən. Bu mənada, geridə qalan vaxt ərzində biz müəyyən çətinliklərlə üzləşdik. İndi gələn il üçün nəsə demək tezdir. Bunu zaman göstərəcək.

– Futbol ictimaiyyətində bir çoxları Kaxaber Sxadadzenin təcrübəli mütəxəssis olmasına baxmayaraq, artıq “Qəbələ” üçün “tükəndiyini” və komandaya yeni nəfəs verə bilmədiyini iddia edir. Komandanın kapitanı kimi bu fikirdə olanlara cavabınız nədir? Sizcə, onlar yanılırlar?

– Məncə, kənardan deyilən bu cür iddialara və şayiələrə ən yaxşı cavabı elə bizim meydanda nümayiş etdirdiyimiz futbol verir. Sərgilədiyimiz oyun bu söhbətlərin hamısına ən gözəl cavabdır.

– Artıq 7 ildir ki, “Qəbələ”nin uğurları üçün çalışırsınız. Eyni zamanda bu klubun yetirməsiniz və hazırda komandada böyük məsuliyyət, yük sizin çiyinlərinizə düşür. Belə bir vəziyyətdə kapitan hansı halda “gəmini tərk edər”?

– Bəli, çox uzun zamandır buradayam və hər zaman kluba xeyrim dəyməsi üçün əlimdən gələn hər şeyi etməyə çalışmışam. Qəbələ mənim evimdir, doğma yerimdir. Bu il turnir cədvəlindəki durum və nəticələr mənə istər-istəməz çox ağır psixoloji çətinliklər yaşatdı. Çünki komandanın kapitanı olaraq üzərimə çox böyük məsuliyyət düşürdü və bütün yük çiyinlərimdə idi. Belə bir vəziyyətdə gəmini tərk etmək məsələsinə gəlincə, yalnız və yalnız klub mənimlə yola davam etmək istəməsə, kapitan gəmini tərk edər.

– Karyeranızı sonadək “Qəbələ”yə həsr etməyi planlaşdırırsınız?

– Mənim üçün “Qəbələ” hər zaman, hər bir variantdan öncə, ilk növbədə gəlib. İnşallah, futbol həyatımın sonuna kimi bu klubun formasını geyinmək, elə buradaca futbolu bitirmək ən böyük istəyimdir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
icma.az

1Источники