RU

Lula da Silva: ABŞ Braziliyaya uşaq kimi davranmamalıdır

Lula da Silva: ABŞ Braziliyaya uşaq kimi davranmamalıdır

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin heç bir şəkildə belə bir münasibəti qəbul etməyəcəyini vurğulayıb.

AFN.az xəbər verir ki, dövlət başçısının bu reaksiyasına ABŞ-ın Braziliyadakı iki cinayətkar dəstəni terror təşkilatı siyahısına salması səbəb olub.

Ölkənin şimal-şərqində bir fabrikin açılış mərasimində çıxış edən Lula da Silva Vaşinqton administrasiyasının "Comando Vermelho" və "Primeiro Comando da Capital" qruplaşmaları ilə bağlı qərarını sərt tənqid edərək, uşaq kimi rəftar görməyə dözməyəcəklərini bəyan edib.

O, Donald Trampın Braziliyaya həqiqətən kömək etmək istəyəcəyi təqdirdə, işə Mayamidə gizlənən braziliyalı dəstə rəhbərlərini ekstradisiya etməklə başlaya biləcəyini vurğulayıb.

Braziliya rəhbəri rəhbərlik etdiyi hökumətin mütəşəkkil cinayətkarlıqla onsuz da aktiv şəkildə mübarizə apardığını qeyd edərək, bu strukturların böyük şəhərlərin kənar məhəllələrində yaşayan insanlar üçün onsuz da təhlükə yaratdığını, vətəndaşların əmlakını qarət etdiyini və onlara zorakılıqla təzyiq göstərdiyini bildirib.

Prezidentin bu bəyanatından sonra Braziliya hökuməti də rəsmi bəyanat yayaraq ABŞ-a suverenlik barədə ciddi xəbərdarlıq edib.

Sənəddə cinayətkar qruplara qarşı mübarizədə hər cür beynəlxalq əməkdaşlığa və ortaq həll yolları tapmağa hazır olduqları ifadə edilsə də, ölkənin suverenliyinə və iqtisadiyyatına hücum etmək üçün bəhanə kimi istifadə olunan birtərəfli xarici tədbirlərin qəbul edilməyəcəyi açıqlanıb.

Milli suverenliyin heç bir şəkildə müzakirə mövzusu ola bilməyəcəyini xatırladan hökumət daxili işlərə yönəlmiş istənilən müdaxiləni rədd etdiyini diqqətə çatdırıb.

Həmçinin bəyanatda vurğulanıb ki, Tramp administrasiyasının əvvəlcədən məsləhətləşmədən qəbul etdiyi bu birtərəfli qərar Braziliyanın həmin cinayətkar strukturlarla mübarizəsini zəiflədə, hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi imkanlarını azalda və cinayətlə heç bir əlaqəsi olmayan günahsız insanların həyatını təhlükəyə ata bilər.

Избранный
15
afn.az

1Источники