RU

“Əmlak vergisində kor koranə xarici model tətbiqi sosial partlayışa və iqtisadi təhlükəsizliyin zədələnməsinə rəvac verə bilər”

ain.az, Azpost portalına istinadən məlumat yayır.

Son günlər daşınmaz əmlak vergisinin bazar dəyəri əsasında hesablanması ilə bağlı irəli sürülən müxtəlif təkliflər və beynəlxalq təcrübəyə edilən kor-koranə istinadlar cəmiyyətdə ciddi suallar doğurur.

AzPost xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, tanınmış iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, ölkənin iqtisadi reallıqları, əhalinin gəlir səviyyəsi və sosial vəziyyəti nəzərə alınmadan xarici modellərin mexaniki şəkildə ölkəmizə gətirilməsi cəhdləri gələcəkdə ciddi fəsadlara yol aça bilər.

AQC sədrinin sözlərinə görə, vergi siyasətinin fundamental məqsədi sadəcə büdcə daxilolmalarını artırmaq yox, həm də sosial ədaləti qorumaq və yerli idarəetmənin dayanıqlığını təmin etmək olmalıdır:

“Azərbaycanda tətbiq ediləcək hər hansı yeni vergi mexanizmi, ilk növbədə, sıravi vətəndaşın maraqlarına xidmət etməlidir. Möhtərəm Prezidentimiz, milli liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional, çoxşaxəli iqtisadi siyasətin fəlsəfəsi də məhz humanist prinsiplərə və sosial ədalətə söykənir. Bu xətdən kənara çıxan addımlar yolverilməzdir”.

V.Oruc qeyd edib ki, əmlak vergisinin gələcəkdə daha səmərəli idarə olunması üçün bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Dünyada bu vergi növü yerli özünüidarəetmə orqanlarının əsas maliyyə mənbəyidir və birbaşa yerli infrastrukturun inkişafına xərclənir. Azərbaycanda da bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi vergi inzibatçılığını daha effektiv edə bilər.

Ekspert bazar dəyərinə əsaslanan vergi modelinə keçid üçün ən böyük maneələrdən birini rəqəmsal və hüquqi infrastrukturun tam hazır olmamasında görür:

“Bu gün ölkədə bütün daşınmaz əmlakların hüquqi statusu, dəqiq texniki göstəriciləri və ən əsası – real bazar dəyərlərini əks etdirən vahid və şəffaf reyestr bazasının tam formalaşdığını demək qeyri-mümkündür. Bu cür boşluqlar fonunda yeni sistemə keçmək vergi yükünün vətəndaşlar arasında qeyri-bərabər və ədalətsiz bölünməsinə səbəb olacaq. Genişmiqyaslı islahatdan əvvəl əmlak reyestri təkmilləşdirilməli, şəffaflıq mütləq şəkildə təmin olunmalıdır”.

Hazırda paytaxtda və iri şəhərlərdə yüz minlərlə ailənin yeganə yaşayış yeri olan fərdi ev və mənzillərin olduğunu xatırladan Vüqar Oruc, populist bəyanatların real fəsadlarına diqqət çəkib:

“Bakıda əmlakın bazar qiymətinin süni və ya təbii şəkildə artması o evdə yaşayan ailənin gəlirlərinin artması demək deyil. Son illər paytaxtda daşınmaz əmlak bahalaşıb, lakin əhalinin əməkhaqqı və sosial təminat göstəriciləri eyni sürətlə artmayıb. Sabit gəliri olan vətəndaş, sadəcə oturduğu evin vergisini ödəmək üçün mülkünü satmaq məcburiyyətində qalmalıdır? Bu, yolverilməzdir! Bu cür reallıqdan uzaq, boğazdan yuxarı və iqtisadi əsası olmayan təkliflər cəmiyyətdə sosial narazılıq yarada və dövlətimizin iqtisadi təhlükəsizliyini zərbə altına qoya bilər”.

Vüqar Oruc məsələnin yeganə ədalətli həlli yolu kimi diferensial (fərqləndirilmiş) və sosial yönümlü modelin tətbiqini təklif edir:

500 min manata qədər olan əmlaklar üçün: Vətəndaşların yeganə yaşayış sahəsi olan və dəyəri 500 min manatadək qeydə alınan əmlaklar üçün sabit və simvolik dərəcəli, minimal vergi sistemi tətbiq edilməlidir. Bu, orta təbəqəni və aztəminatlı ailələri qoruyacaq.

500 min manatdan yuxarı olan əmlaklar üçün: Lüks mənzillər, villalar və iri kommersiya obyektləri üçün isə normativ qaydada müəyyən edilmiş xüsusi faiz dərəcələri əsasında hesablama aparılmalıdır. Belə olan halda əsas vergi yükü yüksək maliyyə imkanları olan şəxslərin üzərinə düşəcək və sosial balans qorunacaq.

Sonda beynəlxalq təcrübənin kor-koranə deyil, milli maraqlara uyğunlaşdırılaraq götürülməsinin vacibliyini vurğulayan ekspert bəyan edib ki, vergi sistemi vətəndaşı cəzalandırmaq aləti yox, iqtisadi tarazlığı təmin edən rıçaq olmalıdır:

“Bu gün müzakirə mövzusu vergi dərəcələrini necə artırmaq yox, vergi yükünü necə ədalətli bölüşdürmək olmalıdır. Ədalətli sistem odur ki, az gəlirlini qorusun, böyük aktivləri olanları isə imkanlarına görə məsuliyyətə cəlb etsin. Azərbaycanda daşınmaz əmlak vergisinin gələcəyi mexaniki qiymət artımında deyil, məhz vətəndaş rifahını əsas götürən diferensial modelin qurulmasındadır”, – deyə Vüqar Oruc fikrini tamamlayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
azpost.info

1Источники