Avropa çempionatında iştirak edən Azərbaycanın minifutbol millisi üçün turnir yeni başlayır.
"Far.Az"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının qrup mərhələsində Fransanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb:
"Turnir bizim üçün bundan sonra başlayır. Səhvlərimizi bugünkü oyunda gördük. Öz üzərimizdə işləyəcəyik ki, bunları təkrarlamayaq. Oyunçularımı təbrik edirəm. Pley-offdakı rəqibimizi təhlil edəcəyik və daha yaxşı hazırlaşmağa çalışacağıq. Qazaxıstan yığması ilə oyunumuz çətin olacaq. Qələbə qazanaraq yolumuza davam etmək niyyətindəyik".
Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. E.Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan millisi ilə üz-üzə gələcək.