"Güclü Ermənistan" blokundan Ermənistanın baş nazirliyinə namizəd olan Samvel Karapetyan ölkə parlamentinin sədri Alen Simonyana qarşı iddia qaldırıb.
Musavat.com xəbər verir ki, Karapetyan parlament sədrindən onun ünvanına səsləndirdiyi bəyanatları təkzib etməsini və təxminən 15 min dollar (6 milyon dram) məbləğində təzminat ödəməsini tələb edir.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəməyə müraciət edilməsinə Simonyanın mayın 18-də sosial şəbəkələrdə etdiyi paylaşım səbəb olub.
Həmin paylaşımda parlament sədri hüquq-mühafizə orqanlarını "başqa ölkənin xarici kəşfiyyat xidmətinin əməkdaşının Ermənistanda partiya təsis etməsinin və siyasi fəaliyyətlə məşğul olmasının hüquqi baxımdan nə dərəcədə qəbulolunan olduğunu" qiymətləndirməyə çağırıb.
İddia ərizəsi məhkəməyə mayın 29-da təqdim olunub. Sənəddə Simonyanın fikirlərinin həqiqətə uyğun olmadığı, iddiaçının şərəf və ləyaqətinə xələl gətirdiyi və şər-böhtan xarakteri daşıdığı vurğulanır.
Qeyd edək ki, Karapetyan bundan əvvəl hakim "Mülki Müqavilə" partiyasına və Ermənistan İctimai Televiziyasına qarşı da oxşar iddia qaldırıb. Buna səbəb isə hakim partiyanın seçkiqabağı videosunda Karapetyanın "müharibəyə təhrikçilik", "səs satınalma" və "xarici casus kimi fəaliyyət göstərməkdə" ittiham olunması idi.
Ermənistanda parlament seçkiləri iyunun 7-nə təyin edilib. Seçkilərdə 16 partiya və aralarında "Ermənistan" ilə "Güclü Ermənistan" bloklarının da olduğu iki ittifaq iştirak edir.
Musavat.com