Ağcaqanadlar ən çox bu qan qruplu insanları dişləyirlər
Yay aylarında bəzi insanların ağcaqanad hücumuna daha çox məruz qalması təsadüf deyilmiş. Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu həşəratlar qurbanlarını müəyyən biokimyəvi göstəricilərə görə seçirlər.
Tədqiqatlara görə, ağcaqanadların ən çox üstünlük verdiyi şəxslər birinci qan qrupuna sahib olanlardır. Bu qan qrupuna daxil olan insanların dərisindən ifraz olunan xüsusi kimyəvi maddələr həşəratlar üçün əsl maqnit rolunu oynayır. Bundan başqa, maddələr mübadiləsi sürətli olan və bədən çəkisi artıq olan şəxslər daha çox karbon qazı xaric etdikləri üçün hədəfə çevrilirlər.
Fiziki aktivlik və idman da hücum riskini artırır. Tər vasitəsilə ayrılan süd turşusu və bədən temperaturunun yüksəlməsi ağcaqanadları uzaq məsafədən cəlb edir. Mütəxəssislər qorunmaq üçün açıq rəngli geyimlərə üstünlük verməyi və küləksiz, havasız məkanlardan uzaq durmağı məsləhət görürlər. Ən təsirli müdafiə vasitəsi kimi isə uzunmüddətli qoruma təmin edən xüsusi repelentlər tövsiyə olunur.