RU

Türkiyədə sərnişin avtobusu yanıb kül oldu — 8 ölü var (FOTOLAR)

Türkiyənin Dənizli şəhərində dəhşətli yol qəzası baş verib. İzmir-Antalya reysi ilə hərəkət edən "Pamukkale Turizm" şirkətinə məxsus sərnişin avtobusu idarəetməni itirərək baryerlərə çırpılıb. Zərbənin təsirindən avtobus qısa müddətdə alışıb.

Demokrat.az xəbər verir ki, hadisə gecə saat 01:40 radələrində Dənizli-Aydın magistral yolunun Sarayköy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Mustafa Fevzi Mertunun idarə etdiyi avtobus qəzadan dərhal sonra yanmağa başlayıb. Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis briqadaları cəlb edilib.

İlkin məlumatlara görə, yanğın zamanı avtobusda olan 8 nəfər həyatını itirib. Ölənlər arasında avtobus sürücüsü ilə yanaşı, 9 aylıq körpə və Qırğızıstan vətəndaşı da var. Qəza nəticəsində xəsarət alan 33 sərnişin dərhal ətraf xəstəxanalara çatdırılıb.

Şahidlərin sözlərinə görə, bəzi sərnişinlər yanğın zamanı yaranan panikada qapı ağzında sıxılıb qalaraq tüstüdən boğulub və ya yanaraq can veriblər. Yanğın söndürüldükdən sonra avtobus tamamilə yararsız hala düşüb. Meyitlər müayinə üçün Dənizli Məhkəmə Tibb Ekspertizasına aparılıb.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır. Jandarma qrupları hadisə yerinin ətrafındakı yaşıl zonada digər mümkün zərərçəkənlərin olması ehtimalına qarşı axtarış işləri həyata keçirir.
 


İsmayıl
Demokrat.az
Избранный
44
demokrat.az

1Источники