RU

Avropada vizasız casusluq qalmaqalı: Rusiya kəşfiyyatının yeni marşrutu tapıldı

Böyük Britaniyanın yüksək rütbəli dövlət rəsmiləri İrlandiyanı Rusiyanın xüsusi xidmət orqanları və agentləri üçün "arxa qapı" rolunu oynamaqda ittiham edərək rəsmi Dublinə çox ciddi xəbərdarlıq göndəriblər.

Musavat.com xəbər verir ki, bu barədə Krallığın ən nüfuzlu nəşrlərindən olan "The Telegraph" qəzeti geniş məqalə dərc edib. Britaniya tərəfinin rəsmi iddiasına görə, İrlandiyanın rusiyalılara qarşı tətbiq etdiyi həddindən artıq liberal viza siyasəti Rusiya casuslarının Birgə Səyahət Zonası vasitəsilə maneəsiz şəkildə Böyük Britaniya ərazisinə sızması üçün real və böyük risklər yaradır. İrlandiyalı avropalı deputat Endryusun verdiyi şok statistikaya əsasən, Ukraynada müharibə başlayandan bəri İrlandiya Rusiya Federasiyası vətəndaşlarına təxminən 14 min viza verib və müraciətlərin təsdiqlənmə faizi ağlasığmaz dərəcədə yüksək – 90 faiz təşkil edib. Deputat etiraf edib ki, İrlandiya Britaniya ilə müqayisədə güclü əks-kəşfiyyat və izləmə sistemlərinə sahib deyil, lakin buna baxmayaraq, ölkə Böyük Britaniya, Manş adaları və Men adası ilə vahid səyahət zonasına daxildir. Bu isə o deməkdir ki, İrlandiyaya daxil olan hər hansı bir rusiyalı heç bir əlavə viza və yoxlama proseduru olmadan rahatlıqla Londona və Britaniyanın digər strateji şəhərlərinə keçə bilir. Şengen zonası ölkələrinin ruslar üçün məhdudiyyətləri kəskinləşdirdiyi bir vaxtda İrlandiyanın bu yumşaqlığı Londonda sərt təpki ilə qarşılanıb.

Deputat Endryus rəsmi qurumları Rusiya və Belarus vətəndaşlarına verilən vizaların təcili auditini aparmağa, müraciət edənlərin sosial şəbəkə hesablarını və keçmişlərini ciddi sorğu-sual etməyə çağırıb. "The Telegraph" xatırladır ki, hələ 2022-ci ildə İrlandiya diplomatik pərdə altında Rusiya hərbi kəşfiyyatına (QRU) işləməkdə şübhəli bilinən 4 yüksək rütbəli rusiyalı diplomatı ölkədən qovmuşdu və hazırda bu təhlükə yenidən pik həddə çatıb.

Musavat.com

Избранный
55
musavat.com

1Источники