Moskva, 31 may, AZƏRTAC
Yaroslavl şəhərinin 1016 illiyi münasibətilə keçirilən bayram tədbirində Azərbaycan milli-mənəvi dəyərləri geniş təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Sodrujestvo Narodov Yaroslavii” təşkilatının Domanski parkında təşkil etdiyi tədbirdə müxtəlif xalqların mədəniyyətini, musiqisini, rəqslərini, milli geyimlərini, mətbəxini, ənənələrini əks etdirən sərgilər və ustad dərsləri keçirilib.
Yaroslavl vilayəti Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərovanın rəhbərliyi ilə Azərbaycan Qadınlar Birliyi tədbirdə ölkəmizi təmsil edib.
Tədbir çərçivəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan qadın ipək baş örtüyü – kəlağayıların sərgisi təşkil olunub. Burada müxtəlif naxış və rəng çalarlarına malik kəlağayılar nümayiş etdirilib. Milli geyimlər sərgisində isə Azərbaycanın kişi və qadın milli geyimləri təqdim olunub.
Gənc rəssam Səbinə Məmmədova xına sənəti üzrə ustad dərsinə rəhbərlik edib. Konsert proqramında Günay Piriyevanın ifasında “Azərbaycan” mahnısı səsləndirilib, gənclərin ifa etdiyi milli rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Azərbaycan Qadınlar Birliyinin fəal üzvləri Aynur Qafarova, Əfsanə Nəsibova, Lalə Məmmədova və Günay Həsənova tədbirin təşkilində yaxından iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova fəal iştirakına görə “Sodrujestvo Narodov Yaroslavii” təşkilatının təşəkkürnaməsi ilə təltif olunub.