RU

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış iddialı bir təşəbbüsdür

Azərbaycanda

Bakı, 13 yanvar, AZƏRTAC

Cari ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış iddialı bir təşəbbüsdür. Bu təşəbbüs sadəcə simvolik məna kəsb etmir, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyini əks etdirir. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu səylərdən biri kimi qeyd edə bilərik ki, Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş güc payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bundan əlavə, Azərbaycanın 157 qiqavat həcmində qiymətləndirilən külək enerjisi potensialı ölkənin dayanıqlı enerji landşaftının formalaşdırılmasında rolunu daha da artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vrotslav Elm və Texnologiya Universitetinin doktorantı Fərhad Zeynallı söyləyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işləri, Laçın, Kəlbəcər və Suqovuşanda su elektrik stansiyalarının bərpası Azərbaycanın yaşıl enerjiyə sadiqliyini bir daha sübut edir. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edən Azərbaycan qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə də beynəlxalq əməkdaşlığa güclü sadiqliyini nümayiş etdirir.

“Bundan əlavə, Azərbaycanın meşəsalma təşəbbüslərinə xüsusi önəm verməsi onun hərtərəfli ekoloji səylərinin bariz nümunəsidir. Ölkə Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin bərpası və təmizlənməsi üçün fəal addımlar atır, ekoloji problemlərə diqqəti artırır və ətraf mühitin mühafizəsi və bərpasına sadiqliyini nümayiş etdirir. Beləliklə, Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik ili” sadəcə simvolik jest deyil. Bu, həm də ölkənin gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində qətiyyətli öhdəliyini, strateji planlaşdırmasını və fəal tədbirlərini əks etdirən addımdır”,- deyə Fərhad Zeynallı əlavə edib.

Избранный
552
50
azertag.az

10Источники