RU

Saturnun fırlanma sürətinin sirri açıldı

Alimlər ilk dəfə olaraq Saturndakı qütb parıltılarının (qütb şəfəqləri) planetin atmosferinə necə təsir etdiyini və onun fırlanma sürətinin dəyişməsi barədə necə illüziya yaratdığını ətraflı şəkildə izləyiblər. "Ceyms Uebb" (James Webb) kosmik teleskopunun köməyi ilə aparılan araşdırma onilliklər ərzində astronomları çıxılmaz vəziyyətdə qoyan sirrin həllinə işıq salıb.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Journal of Geophysical Research: Space Physics" (JGRSP) jurnalında dərc olunub. Bu problem ilk dəfə 2004-cü ildə "Cassini" aparatının apardığı müşahidələrdən sonra ortaya çıxmışdı.

Əldə olunan məlumatlar Saturnun fırlanma sürətinin zamanla dəyişdiyini göstərirdi. Bu, olduqca qəribə idi, çünki nəhəng planetlərin bu qədər qısa zaman kəsiyində nəzərəçarpacaq dərəcədə sürətlənməsi və ya yavaşıması fiziki cəhətdən qeyri-mümkündür.
 

2021-ci ildə Nortumbriya Universitetinin alimi Tom Stallardın rəhbərlik etdiyi tədqiqat qrupu məsələyə bir izah təklif etdi. Məlum oldu ki, dəyişən planetin öz fırlanma sürəti deyil, qütb parıltıları ilə bağlı olan elektrik siqnallarıdır. Atmosferin yuxarı qatlarında əsən kükləklər bu siqnallara təsir edir və nəticədə fırlanma sürətinin hesablanmasında yanlışlıqlar yaranır. Lakin həmin küləklərin haradan qaynaqlandığı indiyədək məlum deyildi.


Mexanizmi tam anlamaq üçün alimlər "Ceyms Uebb" teleskopundan istifadə ediblər. Teleskop Saturnun tam bir günü (fırlanma dövrü) ərzində planetin şimal qütb parıltısını fasiləsiz müşahidə edib. Tədqiqatçılar qaz nəhənginin yuxarı atmosferində temperatur indikatoru rolunu oynayan $H_3^+$ ionunun (molekulunun) infraqırmızı şüalanmasını analiz ediblər.

Yeni müşahidələr əvvəlki ölçümlərdən təxminən 10 dəfə daha dəqiq olub. Bu, qütb parıltısı zonasında temperaturun və yüklü hissəciklərin paylanmasının ən detallı xəritələrini tərtib etməyə imkan verib. Beləliklə, alimlər ilk dəfə olaraq atmosferdə lokal qızma və soyuma zonalarını aşkar ediblər.

Analizlər göstərib ki, qütb parıltısı zamanı daxil olan enerji atmosferin müəyyən hissələrini qızdırır.

Yaranan temperatur fərqi küləkləri hərəkətə gətirir, küləklər isə öz növbəsində elektrik cərəyanları yaradır. Bu cərəyanlar isə qütb parıltısını qidalandıraraq qapalı bir dövriyyə formalaşdırır.

"Biz faktiki olaraq planetar istilik nasosunu müşahidə edirik. Parıltılar atmosferi qızdırır, atmosfer küləklər yaradır, küləklər isə parıltıları bəsləyən cərəyanlar doğurur. Sistem öz-özünü təmin edir", — deyə Tom Stallard izah edib.

Müəlliflərin fikrincə, bu kəşf təkcə Saturn üçün əhəmiyyətli deyil. O sübut edir ki, planetin atmosferi və maqnitosferi bir-biri ilə sıx bağlıdır və daim enerji mübadiləsi aparır. Tədqiqatçılar oxşar proseslərin Günəş sistemindəki digər planetlərdə və ekzoplanetlərdə də baş verə biləcəyini ehtimal edirlər.

Bizim.Media

Избранный
68
bizim.media

1Источники