RU

London Yaxın Şərqdəki bazalarını qorumaq üçün "Martlet" raketlərinin alışını artırır

Böyük Britaniya İranın mümkün təhdidlərinə qarşı mübarizə zərurəti ilə əlaqədar "Martlet" yaxınmənzilli idarəolunan zenit raketlərinin ehtiyatlarını aktiv şəkildə artırır.

"Report" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Lazer tuşlama sistemi ilə təchiz edilmiş "Martlet" raketi 1,5 max (1800 km/saatdan çox - red.) sürət yığır və 6 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bu sursatın istehsalı ilə Britaniya tərəfinin sifarişi əsasında Fransanın "Thales Air Defence" müdafiə şirkəti məşğul olur. Universal idarəolunan raket helikopterlərdən, sürətli katerlərdən, yerüstü platformalardan, həmçinin daşına bilən zenit-raket komplekslərinin komponenti kimi istifadə üçün nəzərdə tutulub. Çəkisi 13 kiloqram olan raketin uzunluğu 1,3 metrə, kalibri isə 76 millimetrə çatır.

"Böyük Britaniya, İran və ya onun dəstəklədiyi qruplaşmalar tərəfindən Yaxın Şərq regionundakı müttəfiq bazalarına zərbə endirilməsi təhlükəsinin artdığı bir şəraitdə pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulmuş yüzlərlə yüksək dəqiqlikli "Martlet" raketləri ilə öz arsenallarını doldurur", - qəzet yazıb.

Məlumata görə, Yaxın Şərqdə dislokasiya olunmuş xüsusi təyinatlı bölmələr yaxın aylarda bu raketləri qəbul etməyə başlayacaq.

Избранный
86
far.az

1Источники