RU

Çində qeyri-adi fasada malik Elm Muzeyi inşa edilib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Çinin Haykou şəhərində ümumi sahəsi 46 528 kvadratmetr olan möhtəşəm mədəniyyət və təhsil mərkəzi – Haynan Elm Muzeyinin tikintisi başa çatıb. "MAD Architects" bürosunun rəhbəri, tanınmış memar Ma Yansun tərəfindən layihələndirilən bina Uyuan çayının Milli Bataqlıq Parkının sərhədində yerləşir. Quruluşuna görə bina yer üzərində donub qalmış yumşaq buludu xatırladır. Onun fasadı şüşə-liflə gücləndirilmiş plastikdən hazırlanan 843 xüsusi panellə qapadılıb. Adanın tropik iqlimi nəzərə alınmaqla hazırlanan bu gümüşü örtük ətraf aləmi əks etdirir və işıqdan asılı olaraq rəngini daim dəyişir.

Konstruksiyanın əsas yükünü daxildəki üç nəhəng beton nüvə daşıyır. Bu mühəndislik həlli sayəsində sərgi sahələrini daxili sütunlardan tamamilə azad etmək, geniş və kəsintisiz qalereyalar yaratmaq mümkün olub. Həmçinin binanın bir hissəsi süni göllərin və qapalı meydanın üzərində konsol (dayaqsız çıxıntı) şəklində asılı vəziyyətdə qalıb. Bu asma örtüyün altında yerli sakinlərin günəşdən qorunması və istirahəti üçün geniş ictimai məkanlar formalaşıb. Muzeyin daxilində planetari, nəhəng ekranlı kinoteatr, sərgi zonaları və yerli bitki növlərinə həsr olunmuş açıq tədris sahələri fəaliyyət göstərir.

Muzeydə ziyarətçilərin hərəkət marşrutu da qeyri-adi təşkil edilib. Qonaqlar liftlə birbaşa ən üst mərtəbəyə qaldırılır və oradan mərkəzi atriumun ətrafında spiralvari uzanan geniş pandusla (pilləsiz maili yol) tədricən aşağı enirlər. Damdakı irihəcmli şüşə tavan daxili məkanı təbii gün işığı ilə təmin edir. Qeyd edək ki, yeni muzey regionun elmi kontekstinə də tam inteqrasiya olunub; belə ki, adanın şərq sahilində yerləşən Vençan kosmodromundan indiyədək Aya və Marsa onlarla raket buraxılıb. Piyada məsafəsində 30-dan çox məktəb və bağçanın yerləşdiyi bu yeni mərkəz gənc nəsil üçün əsl elm və ilham mənbəyinə çevriləcək.

Ə.Arzu
XQ

Избранный
39
1
xalqqazeti.az

2Источники