RU

“Ağıllı kənd” və aqropark layihələri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi gələcəyini formalaşdırır - ŞƏRH

Bakı, 1 iyun, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı kənd” layihələri və müasir aqroparkların yaradılması Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində yeni inkişaf modelinin əsas sütunlarından biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır.

Onun sözlərinə görə, burada ən müasir texnologiyaların tətbiqinə əsaslanan, dayanıqlı iqtisadi inkişafı və yüksək həyat keyfiyyətini təmin edən yeni yaşayış və təsərrüfat modeli formalaşdırılır: “Bu baxımdan “ağıllı kənd” konsepsiyası və aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. “Ağıllı kənd” layihələri kənd yerlərində yaşayışın keyfiyyətcə yeni mərhələyə yüksəlməsini nəzərdə tutur. Bu konsepsiya çərçivəsində yaşayış məntəqələri müasir şəhərsalma prinsiplərinə uyğun qurulur, rəqəmsal idarəetmə sistemləri tətbiq edilir, ekoloji təmiz enerji mənbələrindən istifadə genişləndirilir və vətəndaşların rahatlığı üçün bütün zəruri xidmətlər əlçatan olur. Belə yanaşma həm əhalinin sosial rifahının yüksəldilməsinə, həm də kəndlərdə uzunmüddətli və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir”.

A.Nağıyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin mühüm istiqamətlərindən biri də kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsidir: “Bu məqsədlə yaradılan aqroparklar müasir aqrar istehsalın təşkili, yeni texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması baxımından mühüm rol oynayır. Burada ağıllı suvarma sistemləri, rəqəmsal monitorinq mexanizmləri, müasir texnika və avadanlıqların istifadəsi kənd təsərrüfatında səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər zəngin torpaq ehtiyatları, əlverişli iqlim şəraiti və geniş su resursları ilə seçilir. Bu potensialdan səmərəli istifadə Qarabağ və Şərqi Zəngəzurun ölkənin aparıcı aqrar istehsal mərkəzlərindən birinə çevrilməsinə imkan yaradacaq. Xüsusilə taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və digər sahələr üzrə böyük perspektivlər mövcuddur.

Arzu Nağıyev qeyd edib ki, aqroparkların fəaliyyəti yalnız kənd təsərrüfatı məhsullarının istehsalı ilə məhdudlaşmır: “Burada məhsulların emalı, qablaşdırılması, saxlanılması və logistika imkanlarının yaradılması əlavə dəyər zəncirinin formalaşmasına şərait yaradır. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə xidmət edir. Müasir aqroparklar və “ağıllı kənd” layihələri Böyük Qayıdış Proqramının əsas dayaqlarından biridir. Doğma torpaqlarına qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunması, onların iqtisadi fəaliyyətə cəlb edilməsi və yüksək sosial standartlarla təmin olunması məhz bu layihələr vasitəsilə mümkün olur. Bu baxımdan aparılan işlər yalnız iqtisadi deyil, həm də mühüm sosial əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.

Arzu Nağıyev bildirib ki, rəqəmsal texnologiyaların aqrar sektora tətbiqi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, müasir texnologiyalar su və enerji resurslarına qənaət etməyə, məhsuldarlığı artırmağa, istehsal xərclərini azaltmağa və daha keyfiyyətli məhsul əldə etməyə imkan verir: “Nəticədə ölkənin daxili bazarının etibarlı təminatı ilə yanaşı, ixrac imkanları da genişlənir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyat strategiyası ilə də uzlaşır. Günəş, külək və digər bərpaolunan enerji mənbələrinin tətbiqi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir. Bu yanaşma regionun gələcək inkişafında mühüm rol oynayacaq”.

Deputat əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni model müasir texnologiyaların, iqtisadi səmərəliliyin və sosial rifahın uğurlu sintezidir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun innovativ kənd təsərrüfatı, yüksək texnologiyalar və müasir yaşayış standartları üzərində inkişaf etməsi Azərbaycanın uzunmüddətli strateji hədəflərinə tam uyğundur: “Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə regionun deyil, bütövlükdə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni mərhələnin əsasını qoyur. Müasir aqroparklar və “ağıllı kənd” konsepsiyası gələcək nəsillər üçün dayanıqlı iqtisadiyyatın, yüksək həyat səviyyəsinin və güclü dövlətçilik ənənələrinin formalaşmasına xidmət edən mühüm inkişaf modelidir”.

Избранный
22
1
azertag.az

2Источники