RU

Sel təhlükəsinə qarşı Talaçay və Zilbançayda beton bəndlər tikilir

Zaqatala, 1 iyun, AZƏRTAC

Bu il Zaqatala şəhərindən keçən Tala və Zibançaylarında sel daşqınlarına qarşı mübarizə məqsədilə 1000 metr uzunluğunda yeni beton bəndlərin inşası planlaşdırılır. Artıq 300 metrlik bəndin biri hazırdır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev məlumat verib.

“Zaqatala ərazisindən 7 dağ çayı axır. Onlardan gur sululuğu ilə seçilənlərdən biri Talaçaydır. Mənbəyini Böyük Qafqazdan götürən Talaçayın ümumi uzunluğu 10 kilometrə yaxındır. Çayın keçdiyi ərazilərdə 25 min nəfərə yaxın əhalisi olan Zaqatala şəhəri ilə yanaşı, ən iri yaşayış məntəqələrindən olan Yuxarı və Aşağı Tala kəndləri yerləşir”, - deyən baş mühəndis bildirib ki, ötənilki daşqınlardan sonra Talaçayın sağ sahilində, şəhərin Nizami küçəsindən keçən hissəsində 1980-ci illərdə salınan beton bəndlər istismar müddətini başa vurduğundan yararsız vəziyyətə düşmüş və şəhər üçün sel təhlükəsi yaratmışdı. Bu ilin əvvəlindən ərazidə beton bəndlərin inşasına başlanılıb və qısa müddətdə 300 metr məsafədə yeni beton bəndlər tikilərək, şəhərin həmin istiqamətdə təhlükəsizliyi təmin olunub.

Ceyhun Mirzəyev Zaqatala şəhərinin mərkəzindən keçən daha bir çayın - Zilbançayın sağ və sol sahilində işlərə başlanıldığını, ilin sonuna kimi 700 paqonmetr uzunluğunda yeni beton bəndlərin inşa olunacağını diqqətə çatdırıb.

Çayda aparılan ilkin qazma işlərinə diqqət yönəldən baş mühəndis deyir ki, bu layihələrin hamısı sakinlərin təhlükəsizliyinə xidmət edir.

“Talaçayda işlər tamamlandıqdan sonra texnikalar Zilbançaya yönləndirilib. Bu çayın sağ və sol sahili boyunca 700 paqonmetr beton bəndin inşasına yaxın vaxtlarda start veriləcək. Məqsədimiz Zaqatala şəhər əhalisinin sel sularından təhlükəsizliyini təmin etməkdir”, - deyən baş mühəndis əlavə edib ki, paralel olaraq hazırda ayrı-ayrı çaylarda da mexanizmlərlə, buldozerlərlə və irihəcmli texnikalarla sahilbərkitmə, eləcə də torpaq işləri həyata keçirilir.

Ceyhun Mirzəyev bu il rayon tarixində çayların mühafizəsi məqsədilə ilk dəfə min metrdən artıq beton bəndin inşasının həyata keçiriləcəyini, bununla yanaşı, rayon ərazisindən axan digər dağ çaylarında da hazırda məcratənzimləmə işlərinin sürətləndirildiyini bildirib. Eyni zamanda, daha bir neçə çayda təhlükəli hesab edilən yerlər müəyyən olunub və həmin ərazilərdə də beton bəndlərin, mühafizə zolaqlarının inşası məqsədilə müvafiq qaydada müraciət ünvanlanıb.

Müxbir - Rasim İslamoğlu

Избранный
42
1
azertag.az

2Источники