RU

Milyardların taleyi: humanitar yardım, yoxsa siyasi təzyiq aləti?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın İranla bağlı mümkün saziş layihəsinin şərtlərini sərtləşdirdiyi bildirilir. Məlumata görə, Vaşinqton Tehranın danışıqlara cavab verməkdə ləng davrandığını düşünür və bu səbəbdən təzyiqi artırmağa çalışır. Trampın xüsusilə İran aktivlərinin dondurulmasının ləğvi ilə bağlı müddəalardan narahat olduğu qeyd edilir. Bu addım ABŞ-İran danışıqlarının gələcəyi və regionda gərginliyin taleyi ilə bağlı yeni suallar yaradıb.Trampın saziş şərtlərini sərtləşdirməsi İranı kompromisə məcbur edəcək, yoxsa tərəflər arasında gərginliyi daha da artıracaq?

Siyasi şərhçi Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dondurulmuş bank hesablarının sərbəstləşdirilməsi beynəlxalq təcrübədə mövcud olan mexanizmlərdən biridir və xüsusilə sanksiya tətbiq edilən ölkələrdə istifadə olunur. Məsələn, İraqla bağlı təcrübədə bu vəsaitlərin humanitar məqsədlərlə istifadəsinə icazə verilməsi praktikası mövcud olub. Oxşar yanaşma İran və ABŞ arasında mümkün razılaşmalarda da gündəmə gələ bilər.

Sədrəddin Soltan bildirib ki, belə hallarda qarşı tərəf dondurulmuş maliyyə vəsaitlərinin hansı istiqamətlərdə xərclənəcəyinə dair rəsmi sənəd tələb edir. Bu sənəddə vəsaitlərin əsasən humanitar sahələrə — səhiyyə, ərzaq təminatı və sosial layihələrə yönəldilməsi nəzərdə tutulur. Məqsəd həmin vəsaitlərin şəffaf şəkildə idarə olunması və hərbi məqsədlərə, silahlı qüvvələrə və ya sanksiyalara zidd fəaliyyətlərə yönəlməsinin qarşısının alınmasıdır.

Siyasi şərhçi vurğulayıb ki, belə maliyyə mexanizmlərinə nəzarət etmək üçün xüsusi monitorinq komissiyaları yaradılır. Bu qurumlar vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir və beynəlxalq qaydalara uyğunluğunu təmin etməyə çalışır. Əgər dondurulmuş vəsaitlər sərbəstləşdirilərsə, onların istifadəsi də məhz bu nəzarət mexanizmləri çərçivəsində həyata keçirilir.

Sədrəddin Soltanın fikrincə, İran və ABŞ arasında sazişlərin imzalanmamasının səbəbləri isə tək bir amillə izah olunmur. Burada siyasi etimadın zəifliyi, nüvə proqramı ilə bağlı fikir ayrılıqları və institusional qərarvermə proseslərinin mürəkkəbliyi mühüm rol oynayır: “ Bəzi fikirlərə görə, İran daxilində qərarların təsdiqi mərhələsində Ali Lider və digər yüksək səviyyəli qurumların mövqeyi həlledici əhəmiyyət daşıyır.

Bu kontekstdə Müctəba Xamenei məsələsi də bəzi analitik müzakirələrdə İranın gələcək siyasi davamlılığı və qərarvermə mexanizminin sabitliyi baxımından gündəmə gətirilir. Lakin ümumilikdə beynəlxalq sazişlərin imzalanması tək bir şəxsin deyil, bir neçə dövlət və siyasi institutun razılığı əsasında həyata keçirilir. Buna görə də proseslər daha geniş və çoxpilləli mexanizmlərlə idarə olunur”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
bizimyol.info

1Источники