Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir:
"Paşinyan tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində 20-ə yaxın siyasi partiya qeydiyyatdan keçsə də, əsas mübarizə Nikol Paşinyan, Güclü Ermənistan Partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparılır. Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir".
Millət vəkilinin sözlərinə görə, Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır:
"Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.
73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Seçki öncəsi rəy sorğuları hazırki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir. Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, Konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırki düzəni dağıtmasından qorxur - Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər.
Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılması ilə bağlı xəbərdarlıqlar səslənir. Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa Birliyi ilə əvəzləyərsə Ermənistanı çətin vəziyyət gözləyir. Bundan əlavə, revanşitslər müharibə ritorikasından da danışıqlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki revanşistlər ölkəni müharibəyə sürükləyə bilər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu gördülər. Əgər bundan sonra Azərbaycana qarşı hərbi təhdidlər olarsa, Ermənistan yenə də ordumuz tərəfindən layiqli cəzasını alacaq. Bu baxımdan, hesab edirəm ki, Ermənistan cəmiyyəti parlament seçkilərində müharibəyə yox, sülhə səs verəcəklər".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.