RU

Daim gözlənti içində yaşamaq psixologiyaya necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

"İnsanların ən böyük problemlərindən biri daim kimlərdənsə nəsə gözləmələridir. Psixoloji problemlərin əhəmiyyətli bir hissəsi də məhz bu gözləntilərdən qaynaqlanır. İnsanlar çox vaxt başqalarından müəyyən davranışlar, dəstək və ya münasibət gözləyirlər. Lakin insan anlamalıdır ki, ilk növbədə öz gücünə və imkanlarına arxalanmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, başqalarından həddindən artıq gözlənti içərisində olan insanlarda özgüvən zəifliyi və emosional asılılıq daha çox müşahidə oluna bilər: "Bu da onların müxtəlif travmatik vəziyyətlərlə qarşılaşma ehtimalını artırır. Psixoloji sağlamlığın qorunması üçün insan gözləntilərini idarə etməyi bacarmalıdır.

Təəssüf ki, bəzi insanlar üçün bu, asan olmur. Onlar sözlə “qarşı tərəfdən heç nə gözləmirəm” desələr də, zaman keçdikcə məlum olur ki, yaşadıqları məyusluqların və psixoloji çətinliklərin əsas səbəblərindən biri məhz gözləntiləridir.

Məsələn, “filankəs mənə söz vermişdi”, “mənə ümid yaratmışdı”, “dediyini etsəydi, belə olmazdı” kimi fikirlər insanı uzun müddət narahat edə bilir. Bu düşüncələr zamanla emosional yükə çevrilərək insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir.

Psixologiyada vurğulanan əsas məqamlardan biri budur ki, insan başqalarından asılı gözləntilər formalaşdırmamalıdır. Hər hansı bir yaxşılıq edərkən də onun qarşılığını mütləq şəkildə gözləmək doğru yanaşma hesab edilmir. Çünki gözlənilən nəticə əldə olunmadıqda insan məyusluq yaşayır, psixoloji yorğunluq hiss edir və emosional cəhətdən daha həssas olur.

Bu səbəbdən insanın öz daxili gücünə, imkanlarına və qərarlarına güvənməsi, həyatını başqalarının davranışları üzərində deyil, öz dəyərləri və məqsədləri üzərində qurması daha sağlam yanaşma hesab olunur. Belə olduqda insan həm psixoloji baxımdan daha güclü olur, həm də müxtəlif məyusluqlara qarşı daha dayanıqlı davranır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
14
sia.az

1Источники