Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festival – “CandyFest” yay festivalına start verilir. Bu gündən etibarən Bakı Bulvarı iki ay müddətində paytaxtın ən rəngarəng, ən yaddaqalan və ən əyləncəli məkanlarından birinə çevriləcək.
XQ xəbər verir ki, Bakı Bulvarının ənənəvi yarmarka ərazisi bu dəfə xüsusi konsepsiya əsasında yenidən qurularaq “CandyFest” üçün hazırlanıb. Yayın rənglərini, dadlarını və enerjisini özündə birləşdirən festival iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.
Festival çərçivəsində hər yaş qrupundan olan qonaqlar üçün zəngin proqram hazırlanıb. Müxtəlif mövzularda tərtib edilmiş və rəngarəng dizayna malik satış köşklərində fərqli təamlar, şirniyyatlar, sərinləşdirici içkilər və müxtəlif əyləncə məkanları fəaliyyət göstərəcək. Bundan əlavə, festival boyunca canlı çıxışlar, interaktiv oyunlar, müsabiqələr və maraqlı şou proqramları təşkil olunacaq.
Balaca ziyarətçilər də diqqətdən kənarda qalmayacaq. Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün xüsusi tamaşalar, animatorların iştirakı ilə interaktiv proqramlar, maarifləndirici və əyləncəli oyunlar keçiriləcək.
“CandyFest”in ən diqqətçəkən məkanlarından biri 1500 nəfər tutumuna malik açıq hava amfiteatrı olacaq. Burada ilk dəfə olaraq tamaşaçılara müasir texnologiyalar və xüsusi səhnə həlləri ilə zənginləşdirilmiş su sirki nümayiş etdiriləcək. Möhtəşəm vizual effektlər, işıq və musiqi sintezi ilə təqdim olunacaq şou hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə ərzində izləyicilərə unudulmaz təəssüratlar yaşadacaq.
Günün sonuna doğru festivalın ab-havası daha da canlanacaq. Saat 23:00-dan etibarən su sirki proqramı böyüklər üçün nəzərdə tutulmuş xüsusi musiqili və əyləncəli şoularla davam edəcək.
Festivala giriş sərbəstdir. Axşam saatlarında açıq hava amfiteatrında keçiriləcək su sirki tamaşalarına biletləri isə şəhərin müxtəlif kassalarından əldə etmək mümkündür.
Yay mövsümünün ən maraqlı tədbirlərindən biri hesab olunan “CandyFest” həm paytaxt sakinlərinə, həm də şəhərin qonaqlarına əyləncə, istirahət və xoş anlar vəd edir.