RU

Paşinyanı öldürəcək şübhəlinin kimliyi AÇIQLANDI 

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mümkün sui-qəsd planı ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi seçki kampaniyası dövründə Paşinyan əleyhinə hazırlanan iddia olunan sui-qəsd işi üzrə əsas fiqurlardan birinin müəyyən edildiyini açıqlayıb.

Məlumata görə, 2024-cü ildən xaricdə yaşayan M.M. adlı Ermənistan vətəndaşı ən azı dörd nəfərdən ibarət qrupun tərkibində baş nazirin hərəkət marşrutları və səfər qrafiki barədə məlumat toplayıb. Bildirilir ki, şəxsiyyətlərini gizlətmək məqsədilə qrup xüsusi geyim və maskalar əldə edib, daha sonra isə Paşinyana qarşı fiziki zorakılıq təhdidləri yer alan videomüraciət hazırlayıb və internetdə yayıb. İstintaq versiyasına görə, təhdidlər Paşinyanın dövlət və siyasi fəaliyyəti ilə əlaqələndirilib.

Ermənistan hüquq-mühafizə orqanları həmçinin iddia edir ki, qrup 16 may 2026-cı ildə qapalı internet resurslarından videoməlumatları ələ keçirərək həmin müraciətin yayılması üçün istifadə edib. Rəsmi versiyaya əsasən, məqsəd iyunun 7-nə təyin olunmuş parlament seçkiləri öncəsində Paşinyanın seçki təşviqatına maneə yaratmaq olub.

M.M.-yə qarşı dövlət xadiminin qrup şəklində qətlinə hazırlıq və seçki kampaniyasına mane olma maddələri ilə ictimai cinayət təqibi başladıldığı, onun saxlanılması barədə qərar verildiyi bildirilib. İş bir müddət əvvəl sosial şəbəkələrdə yayılan və üzlərini gizlədən şəxslərin iştirak etdiyi qalmaqallı videodan sonra rezonans doğurmuşdu. Həmin görüntülərdə Qarabağ dialektində danışan şəxslər Paşinyanın hərəkət marşrutlarını bildiklərini söyləmiş, onun ünvanına hədələr səsləndirmişdilər.

Nikol Paşinyan daha əvvəl bu videoya açıq şəkildə və sərt reaksiya verərək müəlliflərin ciddi məsuliyyətə cəlb olunacağını vəd etmişdi.

Müsavat.com

Избранный
33
1
musavat.com

2Источники