RU

Ermənistanda baş nazirə sui-qəsd hazırlayan şəxslərdən birinin kimliyi müəyyən edilib

İstintaq Paşinyana qarşı qətl planının hazırlanması və seçki təşviqatına maneə yaradılması ilə bağlı yeni detalları açıqlayıb...

Poliqon xəbər verir ki, Ermənistan İstintaq Komitəsi İrəvanda araşdırılan cinayət işi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın qətlə yetirilməsinə hazırlıqda iştirak edən şəxslərdən birinin kimliyinin müəyyən edildiyini açıqlayıb.

Qurumun məlumatına görə, M.M. kimi təqdim olunan şəxs 2024-cü ildən xarici ölkədə yaşayıb və azı dörd nəfərdən ibarət qrupun tərkibində fəaliyyət göstərərək baş nazirin qanunsuz şəkildə həyatdan məhrum edilməsi üçün şərait yaradıb, həmçinin bu məqsədlə vasitələrin hazırlanmasında iştirak edib. Bildirilib ki, həmin şəxs seçkiqabağı təşviqat prosesinə maneələrin yaradılmasında da iştirak etməkdə şübhəli bilinir.

İstintaq Komitəsi qeyd edib ki, M.M. barəsində ictimai cinayət təqibi başlanıb və onun saxlanılması barədə qərar qəbul edilib.

Qurumun açıqlamasına əsasən, ibtidai istintaq çərçivəsində genişmiqyaslı prosessual və istintaq tədbirləri həyata keçirilib, çoxsaylı axtarışlar aparılıb və təxminən iyirmiyə yaxın şəxs dindirilib. Toplanmış məlumatlara görə, M.M. və digər iştirakçılar Paşinyanın dövlət və siyasi fəaliyyəti ilə əlaqədar onu öldürmək niyyəti ilə üzlərini gizlətmək üçün geyim və maskalar əldə edib, baş nazirin olduğu məkanlar və seçkiqabağı marşrutları barədə məlumat toplayıblar.

Bildirilir ki, daha sonra onlar üzlərini maskalarla gizlədərək baş nazirə ünvanlanan videomüraciət hazırlayıb və yayıblar. İstintaqın iddiasına görə, həmin videoda Paşinyana qarşı hədələr səsləndirilib.

Komitənin məlumatına görə, qrup üzvləri 16 may 2026-cı ildə ümumi istifadə üçün nəzərdə tutulmayan internet resursundakı videoyayım məlumatlarına qanunsuz giriş əldə edib, materialları və öz müraciətlərini yayımlamaqla 7 iyun 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Ermənistan parlament seçkiləri öncəsi təşviqat prosesinə mane olublar.

M.M.-yə Ermənistan Cinayət Məcəlləsinin dövlət və ya siyasi xadimin qrup şəklində qətlə hazırlanması, eləcə də qrup tərəfindən seçkiqabağı təşviqata mane olunması ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, daha əvvəl internetdə yayılan videoda artsax ləhcəsində danışan və təhqiramiz ifadələr işlədən maskalı şəxslər Nikol Paşinyana müraciət edib. Videoda şəxslərdən biri “Nikol, səni öldürəcəyik” ifadəsini səsləndirib, digər iştirakçıların əlində isə avtomatik silaha bənzər vasitələrin olduğu iddia olunub.

Poliqon.info

Избранный
30
poliqon.info

1Источники