RU

Arvad sözü leksikonumuzda olduğu kimi qalmalıdır Fazil Mustafa

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bildiyimiz kimi, hazırda gündəmdə olan mövzulardan biri də "arvad" sözünün qadağan olunma məsələsi ilə bağlıdır. 

Bəs bu söz həqiqətən dəyişdirilməli və istifadəsinə məhdudiyyət qoyulmalıdırmı?

Milli Məclisin komitə sədri Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, cəmiyyətdə hansısa bir mövzuda, hətta hüquqla bağlı bir təklif və ya fikir səsləndiriləndə insanların bunu niyə aqressiya ilə qarşıladığını anlamaq çətin olur:

"Axı bu, sadəcə təklifdir və burada hansısa pis niyyət axtarmağa ehtiyac yoxdur. Təklifin irəli sürülməsi həm də onun müzakirəyə çıxarılması deməkdir. Biz, görünür, müzakirə mədəniyyəti tam formalaşmamış bir cəmiyyət olduğumuz üçün öyrəşdiyimiz mətnlərin, anlayışların və ya ifadələrin dəyişməsinə açıq yanaşa bilmirik. Bir fikir səsləndirilirsə, qoy müzakirə olunsun, dilçilər, hüquqşünaslar və digər mütəxəssislər öz mövqelərini bildirsinlər. Daha sonra əgər ümumi rəy və ictimai iradə bunu məqsədəuyğun hesab edərsə, məsələyə münasibət formalaşdırmaq olar".

Millət vəkili prinsip etibarilə bu dəyişikliyin tərəfdarı deyil.

"Həmin sözün leksikonumuzda olduğu kimi qalmasını normal hesab edirəm. Bu səbəbdən də onun dəyişdirilməsinə xüsusi zərurət görmürəm. Bununla belə, belə bir təklifin irəli sürülməsini də tamamilə normal qarşılayıram. Çünki zaman keçdikcə hətta sabit dəyər və ya dəyişməz hesab etdiyimiz anlayışlar da dəyişə bilir. Heç bir ifadə və ya anlayış əbədi və toxunulmaz deyil. Bu məsələlərin müzakirə edilməsində hər hansı təhlükə yoxdur. Təəssüf ki, istər tarixlə bağlı mövzular, istərsə də gündəlik həyatımıza aid məsələlər olsun, bir çox hallarda dərhal aqressiv reaksiyaların şahidi oluruq. Bu isə düzgün yanaşma deyil. İnsanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər. Əslində, fikir söyləyə bilməmək və ya bundan çəkinmək daha böyük təhlükədir. Bu gün elə bir vəziyyət yaranıb ki, bəzi insanlar müəyyən mövzularda fikir bildirməkdən ehtiyat etməyə başlayıblar. Bu isə cəmiyyət üçün risklidir. Müxtəlif tabuların, qaragüruhçu yanaşmaların və sərt müqavimətlərin təsiri də burada özünü göstərir. Ona görə də hesab edirəm ki, insanlar istənilən məsələ ilə bağlı fərqli fikirlərini ifadə etməkdən çəkinməməlidirlər", - deyə Fazil Mustafa yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
redaktor.az

2Источники