RU

Turist xanıma qarşı əxlaqsızlıq edən şəxsin cəzası nədir?- Vəkil danışdı

Hacıqabul rayonunda xarici turist qadına qarşı seksual davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin görüntülərinin yayılmasından sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görülüb.

Musavat.com xəbər verir ki, almaniyalı turist Karl və onun yapon sevgilisi Lisa velosipedlə dünya səyahəti çərçivəsində Azərbaycan ərazisindən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşıblar.

Sosial şəbəkələrdə yayılan videodan görünür ki, Hacıqabul ərazisində “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanı 24-BF-126 olan avtomobilin sahibi olan yaşlı kişi turistlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. İlk anlarda dostyana görünən ünsiyyət daha sonra qalmaqallı hadisə ilə nəticələnib. Kadrlardan göründüyü kimi, kişi xarici turistlərlə şəkil çəkdirib, daha sonra isə sağollaşarkən yapon turist Lisanın bədəninə toxunmağa cəhd göstərib. Həmin anlar turistlərin kamerası tərəfindən qeydə alınıb və sonradan onların sosial media hesablarında paylaşılıb. 

Görüntülərin yayılmasından sonra hadisə Azərbaycan sosial şəbəkələrində ciddi narazılıqla qarşılanıb. Bir çox istifadəçi bu davranışın ölkənin turizm imicinə zərbə vurduğunu bildirib. Məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisəyə operativ reaksiya veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yaxınlaşaraq araşdırma aparıblar.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, araşdırma nəticəsində görüntülərdə əks olunan şəxsin 66 yaşlı Hacıqabul sakini olduğu müəyyən edilib və o, inzibati məsuliyyətə cəlb olunub.  Məlumata görə, Karl və Lisa əlavə şikayət verməyiblər. Turistlər müraciətlərinə qısa müddətdə reaksiya göstərildiyinə görə Azərbaycan polisinin fəaliyyətindən razı qaldıqlarını bildirərək əməkdaşlara təşəkkür ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan görüntülər xarici sosial media platformalarında da geniş müzakirə olunub və Azərbaycanın müxtəlif xəbər saytlarında gündəm mövzusuna çevrilib.

66 yaşlı kişinin davranışı Azərbaycan qanunvericiliyinə görə hansı tərkibi yaradır və ona hansı cəza tətbiq oluna bilər?

ceyhun-yusifovun-vekillik-fealiyyeti-berpa-edildi

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, hadisəyə hüquqi müstəvidə yanaşanda emosional reaksiyalardan uzaq durmaq və konkret hüquq normalarına baxmaq daha doğrudur: “Sosial şəbəkələrdə yayılan görüntülər, bir tərəfdən ictimai qınaq doğursa da, digər tərəfdən hüquq-mühafizə orqanları üçün artıq araşdırma predmeti olan fakt kimi qiymətləndirilib və nəticədə 66 yaşlı şəxsin inzibati qaydada məsuliyyətə cəlb edildiyi bildirilir. Görüntülərin təsvirinə əsasən yaşlı birinin xarici vətəndaşa yaxınlaşma, icazəsiz fiziki toxunma cəhdi və ictimai yerdə etik normaların pozulması kimi davranışlar adətən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM)çərçivəsində 510-cu maddə - xırda xuliqanlıq əməli kimi tövsif edilir. Bu maddə ictimai qaydanı kobud şəkildə pozan, lakin cinayət həddinə çatmayan davranışları əhatə edir. Buraya ictimai yerdə nalayiq hərəkətlər, vətəndaşların narahatlığına səbəb olan davranışlar, etik və əxlaqi normaların açıq pozulması kimi hallar daxildir. Əgər zor tətbiqi, təkrar hərəkət və ya daha ağır niyyət sübut olunarsa, o zaman artıq məsələ inzibati yox, cinayət hüququ müstəvisinə keçə bilər. Lakin verilən məlumatlardan görünən odur ki, şəxs iş inzibati çərçivədə saxlanılıb”.

Ceyhun Yusifov deyib ki, İXM-nin 510-cu maddəsinə əsasən, belə hallarda tətbiq oluna biləcək inzibati tənbeh növləri bunlardır: “İnzibati cərimə adətən müəyyən məbləğdə pul cəzası və ya 15 günədək inzibati həbslə cəzalandırılır. Praktikada məhkəmələr belə işlərdə əməli törədən şəxsin yaşını, əməl nəticəsində real zərərin olub-olmaması, hadisənin ictimai rezonansı, zərərçəkmişin şikayəti və mövqeyini nəzərə alır. Məlumatda qeyd olunur ki, turistlər əlavə şikayət verməyiblər və polisə operativ reaksiya üçün təşəkkür ediblər. Bu da işin ağırlaşdırıcı deyil, daha çox inzibati məsuliyyət səviyyəsində qalmasına səbəb ola bilər”.

Ceyhun Yusifov belə davranışların niyə cinayət sayılmamasının səbəbinə də aydınlıq gətirib: “Cinayət məsuliyyəti zorakılıq elementi, sistematiklik,  ciddi fiziki və ya psixoloji zərər, seksual zorakılıq niyyəti və ya nəticəsi kimi ağırlaşdırıcı hallarda yaranır. Verilən məlumatlardan isə hadisə daha çox birdəfəlik, ictimai etik qaydaları pozan davranış kimi qiymətləndirilib. Buna görə də şəxs inzibati hüquq çərçivəsində saxlanılıb. Belə hadisələrin hüquqi qiymətləndirilməsi yalnız bir şəxsin cəzalandırılması məsələsi deyil”.

Vəkil deyib ki, Azərbaycanda turistlərin təhlükəsizliyi hüquqi qorunma altındadır, ictimai yerlərdə davranış mədəniyyəti hüquqla tənzimlənir, kiçik hesab edilən davranışlar belə hüquqi nəticə doğura bilər:

“Ən önəmlisi isə odur ki, Azərbaycan hüquq-mühafizə sistemi bu tip hallara operativ reaksiya verərək həm ictimai qaydanı qorumağa, həm də ölkənin turizm imicinə zərər verən situasiyaları minimuma endirməyə çalışır. Bu şəxsə gəldikdə isə onun hərəkətləri hüquqi baxımdan klassik inzibati xuliqanlıq tərkibi kimi görünür və ehtimal olunan cəza da ya cərimə, ya da 15 günədək inzibati həbsdir”.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
19
musavat.com

1Источники