RU

Qlobal enerji təhlükəsizliyi: “Azərbaycan ciddi və etibarlı tərəfdaşdır”

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi mütləq artacaq. 

Bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib:

“Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlət başçısı vurğulayıb: 

"30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək". 

Göründüyü kimi, Azərbaycanın qobal enerji təhlükəziliyində rolu və yeri getdikcə artır, dünya da artıq bunun fərqindədir və münasibətlərin inkişafında bu amil də təsirsiz ötüşmür.

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından oynadığı mühüm rola xüsusi diqqət çəkilir: 

“Prezident İlham Əliyev vurğulayıb ki, 30 il əvvəl Azərbaycan enerji sektoruna investisiyaların cəlb olunmasına çalışan ölkə idi. Bu gün isə Azərbaycan artıq Yaxın Şərq, Mərkəzi Asiya və Afrika regionlarında enerji layihələrinə sərmayə yatıran ölkəyə çevrilib. Bu isə Azərbaycanın iqtisadi imkanlarının və enerji potensialının yüksək olmasının bariz göstəricisidir. 

Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan Avropa üçün yeni və etibarlı alternativ enerji mənbəyidir. Ölkəmiz 2027-ci ilə qədər Avropaya 20 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Hazırda Azərbaycanın illik qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. 

Bu gün Azərbaycan öz enerjisini 16 ölkəyə ixrac edir. Həmin ölkələrdən 12-si Avropa, 10-u isə Avropa İttifaqı ölkələridir. Bu fakt Azərbaycanın enerji sahəsində artan nüfuzunun və güclü potensialının göstəricisidir”. 

Deputat əlavə edib ki, enerji sahəsində əməkdaşlıq modeli bütün tərəflər üçün uduşludur: 

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan artıq Suriyanın qazla təmin olunması istiqamətində də mühüm rol oynamağa başlayıb. Beləliklə, ölkəmizin qaz təchizatı coğrafiyası daha da genişlənməkdədir. Azərbaycan təkcə ənənəvi enerji sahəsində deyil, yaşıl enerji istiqamətində də ciddi addımlar atır və artıq bu sahədə də dünyada tanınmağa başlayır. 

Ölkəmizin yaşıl enerji potensialı kifayət qədər böyükdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərimizin təxminən 10 giqavatlıq yaşıl enerji potensialı mövcuddur. Eyni zamanda, 2032-ci ilə qədər Azərbaycanın 8 giqavat yaşıl enerji istehsalı gücü yaratması planlaşdırılır. 

Bu isə nəticə etibarilə ildə təxminən 3–4 milyard kubmetr qaz istifadəsinə qənaət etməyə imkan verəcək. Belə tədbirlər bir daha bütün dünyaya göstərir ki, Azərbaycan həm ənənəvi, həm də yaşıl enerji sahəsində ciddi və etibarlı tərəfdaşdır. Bu əməkdaşlıq modelində həm təchizatçı, həm tranzit, həm də alıcı ölkələr uduşlu vəziyyətdədir”. 

Избранный
19
cebheinfo.az

1Источники