RU

"İsrailin istilaçı siyasətinin nəticəsi Türkiyə üçün də təhdid doğurur" - ŞƏRH

Türkiyə İsrail ilə münasibətləri bərpa etməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan etdi. XİN rəhbəri Hakan Fidanın rəsmi Ankaranın normallaşmaya qarşı olmadığını, lakin bunun üçün Fələstin məsələsində ikidövlətli həll variantı başda olmaqla humanitar şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulaması regional gündəmdə yeni bir müzakirə dalğası başladıb.

Bu açıqlama Ankara ilə Təl-Əviv arasında münasibətlərin yumşalması üçün rəsmi bir başlanğıc siqnalı sayıla bilərmi? Potensial barışıq Yaxın Şərqdəki qüvvələr nisbətinə necə təsir edəcək?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, Türkiyə əslində İran kimi İsrailin varlığı ilə bağlı problem yaşamır. Türkiyənin narahatlığı İsrailin Fələstinlə və Yaxın Şərq ölkələri ilə bağlı işğal planı ilə bağlıdır. Çünki bu istilaçı siyasətin nəticəsi Türkiyə üçün də təhdid doğurur. Təhlükəsizlik və digər geosiyasi proqramlarda mürəkkəb situasiya yaradır:

"Əslində Türkiyə ilə İsrail arasında münasibətlərin yüksək səviyyədə inkişafına yalnız Qəzza, ümumiyyətlə Fələstin problemi mane olur. Bu problemin həll olunmaması İsrailin bir çox dövlətlə münasibətlərində gərginliyin davamlı olmasına şərait yaradır. Əslində Hakan Fidanın söylədiyi ikidövlətli həll yolu İsrailin özü üçün də faydalıdır ki, Türkiyə kimi bir sıra dövlətlərlə daha faudalı əlaqələrə sahib ola bilər. Xüsusən hazırda Qəzza zolağında davam edən münaqişə və humanitar böhranın davamiyyəti Türkiyə - İsrail münasibətlərində əsas maneə olaraq qalır".

Onun sözlərinə görə, Fidanın bu açıqlaması yeni fikir deyil və Türkiyənin İsraillə bağlı əsas mövqeyini əks etdirir. Əgər Qəzza məsələsində irəliləyiş əldə olunarsa, ikidövlətli həll yolu tapılarsa münasibətlərin normallaşması və regional sülhün davamlılığı reallaşar:

"Lakin hazırda ABŞ-də tamamilə İsrailin maraqlarına cavab verən lider hakimiyyətdə olduğu üçün İsrail heç bir kompromisə getmir, heç bir güzəşt etmir. İndiki halda bu siyasətin davam etməsi Türkiyə ilə də münasibətləri gərgin saxlayacaq. Mümkündür ki, İsrail beynəlxalq səviyyədə təziqlərə məruz qalaraq xarici siyasətində dəyişiklik etsin və nəticədə Türkiyə ilə də münasibətləri normallaşsın".

Zeynəb Rzayeva

Избранный
16
1
bakivaxti.az

2Источники