RU

Şərqşünas alim Rusiyada İsmayıl Qaspıralının türk xalqlarının maariflənməsində rolu barədə məruzə edib

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva Rusiya Federasiyasının Barnaul şəhərində Altay Dövlət Universitetində keçirilən “İsmayıl Qaspıralı: maarifçi, naşir, pedaqoq” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Şərqşünas alim konfransda “İsmayıl Qaspıralının türk xalqlarının maariflənməsində rolu (Azərbaycan nümunəsində)” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində türk dünyasının görkəmli maarifçisi, pedaqoqu və publisisti İsmayıl Qaspıralının fəaliyyətinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatına təsirindən bəhs edilib. Qeyd olunub ki, Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” prinsipi və “üsul-i cədid” təhsil modeli türk xalqları arasında yeni maarifçilik hərəkatının formalaşmasında mühüm rol oynayıb. Onun təşəbbüsü ilə yaradılan yeni tipli məktəblər və “Tərcüman” qəzeti təkcə Krımda deyil, Qafqazda, o cümlədən Azərbaycanda da müasir təhsil və ictimai fikrin inkişafına ciddi təsir göstərib.

Məruzədə vurğulanıb ki, Qaspıralının ideyaları Azərbaycan maarifçiləri tərəfindən rəğbətlə qarşılanıb, milli mətbuatın, dünyəvi təhsilin və yeni ziyalı nəslinin formalaşmasına təkan verib. Bu proses sonradan milli dövlətçilik ideyasının inkişafına da təsir göstərib. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin və digər siyasi-intellektual liderlərin dünyagörüşündə Qaspıralının irəli sürdüyü mədəni birlik, maariflənmə və modernləşmə ideyalarının izləri aydın şəkildə müşahidə olunur.

Araşdırma göstərir ki, İsmayıl Qaspıralının fəaliyyəti yalnız təhsil sahəsi ilə məhdudlaşmayıb, o, türk xalqları arasında ortaq mədəni məkanın və intellektual əlaqələrin formalaşmasına da mühüm töhfə verib. “Tərcüman” qəzeti müxtəlif türk xalqlarının ziyalılarını vahid informasiya platformasında bir araya gətirərək ideya mübadiləsini gücləndirib, milli oyanış proseslərini sürətləndirib.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə müzakirələr aparılıb, türk dünyasının ortaq intellektual irsi, maarifçilik ənənələri və müasir humanitar tədqiqatların perspektivləri ətrafında fikir mübadiləsi həyata keçirilib.

Bu iştirak Şərqşünaslıq İnstitutunun türk dünyasının tarixi, mədəniyyəti və ictimai fikri ilə bağlı beynəlxalq elmi əməkdaşlığının genişlənməsinə, həmçinin Azərbaycan elminin beynəlxalq akademik mühitdə tanıdılmasına növbəti töhfə kimi qiymətləndirilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
xalqqazeti.az

3Источники