Malta adasında yerləşən pirotexniki vasitələr istehsal edən zavodda baş vermiş güclü partlayış ölkədə ciddi təşviş yaradıb. Partlayışın səsi kilometrlərlə uzaq məsafədən eşidilib, zərbə dalğası isə bir çox yaşayış məntəqələrində hiss olunub.
Musavat.com xəbər verir ki, hadisə iyunun 1-də səhər saatlarında Maltanın Magtab bölgəsində yerləşən Ta’ Lourdes atəşfəşanlıq fabrikində qeydə alınıb.
Məlumata görə, ilk güclü partlayışdan sonra ard-arda bir neçə kiçik partlayış da baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə zavod ərazisindən qalxan nəhəng alov topu və qalın tüstü sütunu görünür. Hadisə zamanı ətraf ərazilərdə yaşayan sakinlər böyük qorxu yaşayıblar.
Şahidlərin sözlərinə görə, partlayışın yaratdığı təzyiq dalğası o qədər güclü olub ki, yaxınlıqdakı binaların şüşələri sınıb, bəzi tikililərin fasad hissələrindən parçalar qopub. Hadisə yerindən xeyli uzaqda yaşayan insanlar da evlərinin silkələndiyini bildiriblər.
Partlayış nəticəsində 67 və 47 yaşlı iki nəfər xəstəxanaya yerləşdirilib. Onların əsasən şok vəziyyəti və yüngül xəsarətlər aldığı bildirilir. Malta polisi və fövqəladə xidmət əməkdaşları dərhal əraziyə cəlb olunub. Sevindirici məqam odur ki, hadisə zamanı zavodun lisenziyalı əməkdaşları müəssisədə olmayıb. Bu səbəbdən daha ağır insan itkisi qeydə alınmayıb.
Yerli sakinlər partlayışı son illərin ən qorxulu hadisələrindən biri kimi xarakterizə edirlər. Hadisə zamanı iti ilə gəzintidə olan bir şahid bildirib ki, partlayışın təzyiqindən saçlarının və ətrafdakı ağacların hərəkət etdiyini hiss edib. Onun sözlərinə görə, bir anlıq ölkənin bombardmana məruz qaldığını düşündüyünü deyib.
Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, partlayış pirotexniki materialların saxlanıldığı hissədə baş verib. Rəsmi qurumlar hadisənin dəqiq səbəbi ilə bağlı hələ yekun açıqlama verməyiblər.
Qeyd edək ki, Malta Avropada atəşfəşanlıq və pirotexniki vasitələrin geniş istifadə olunduğu ölkələrdən biri hesab edilir. Bu səbəbdən belə müəssisələrdə təhlükəsizlik məsələləri ölkədə daim diqqət mərkəzində saxlanılır.
Musavat.com