RU

Kartla alış-veriş edənlər üçün yeni qaydalar — Keşbeklər azalacaq?

Azərbaycanda nağdsız ödənişlərin həcmi ildən-ilə artsa da, bu sahədə tətbiq olunan xidmət haqları həm sahibkarların, həm də maliyyə sektorunun diqqət mərkəzində qalmaqda davam edir. Ödəniş sistemlərinin iştirakçıları arasında hesablaşmaların əsas elementlərindən biri hesab olunan interçeynclər uzun müddətdir bazar iştirakçıları üçün mühüm məsələlərdən biri sayılır. Bu tariflər kart əməliyyatlarının maya dəyərinə və ümumilikdə ödəniş infrastrukturunun fəaliyyətinə birbaşa təsir göstərir. Bu gündən etibarən isə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə bağlı yeni qərar qüvvəyə minib.

Mövzu ilə bağlı mütəxəssis Elvin Abbasov Demokrat.az-a bildirib ki, maliyyə bazarında ölkədaxili kart ödənişləri üzrə interçeync (interchange) tariflərinə tətbiq edilən yeni yuxarı hədd məhdudiyyətləri, ilk növbədə kiçik və orta biznes subyektlərinin bank xərclərini optimallaşdıraraq nağdsız dövriyyənin genişlənməsinə xidmət edir:

"Bu vaxta qədər bir çox sahibkar yüksək POS-terminal komissiyalarından yayınmaq üçün terminal qəbulundan imtina edirdisə, yeni qərarla supermarket, aptek və yanacaqdoldurma məntəqələrində tariflərin aşağı salınması ticarət nöqtələrinin rəqəmsal ödənişlərə rəğbətini kəskin artıracaq. Biznes xərclərinin bu şəkildə azaldılması gündəlik tələbat mallarının və dərman preparatlarının maya dəyərinə birbaşa müsbət təsir göstərərək pərakəndə satış sektorunda süni qiymət artımının qarşısını alan mühüm iqtisadi stimuldur.

İstehlakçılar üçün isə bu qərar rəqəmsal bankçılıq tətbiqlərində alışdıqları yüksək keşbek (cashback) və loyallıq proqramlarının şərtlərində müəyyən dərəcədə korreksiyaların edilməsi reallığını formalaşdırır. Çünki banklar müştərilərə təqdim etdikləri cəlbedici keşbek faizlərini məhz bu interçeync komissiyalarından əldə etdikləri gəlirlər hesabına maliyyələşdirirdilər və rüsumların yuxarı həddinin tənzimlənməsi həmin gəlir marjasını daraldır. Nəticə etibarilə, yeni tənzimləmə bir tərəfdən ölkə miqyasında kartla ödəniş infrastrukturunun əlçatanlığını və şəffaflığını maksimuma çatdırarkən, digər tərəfdən bankların müştəri loyallığı siyasətində daha fərqli, alternativ rəqəmsal alətlərdən istifadə etməsini qaçılmaz edir",- deyə o qeyd edib.

Qısası, ölkədə kart ödənişləri zamanı bankların sahibkarlardan tutduğu komissiya haqları aşağı salındığı üçün market və apteklərdə qiymətlərin bahalaşma riski azalır, lakin bankların kart sahiblərinə verdiyi keşbek faizləri aşağı düşə bilər.

Əfsanə Kamal
Demokrat.az
Избранный
31
1
demokrat.az

2Источники