RU

Milyardlarla dollar təhlükədə: Körfəz ölkələri üçün həyəcan siqnalı

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

2026-cı ilin fevral-mart aylarında baş vermiş ABŞ-İsrail-İran qarşıdurmasının genişmiqyaslı hərbi eskalasiyaya keçməsi Yaxın Şərqin iqtisadi arxitekturasında, xüsusilə Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin (GCC) inkişaf modelində ciddi sarsıntılar yaratdı. Münaqişənin ən kritik geoiqtisadi nəticəsi Hörmüz boğazında nəqliyyat axınlarının qismən pozulması oldu ki, bu da qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarında ani təklif şokuna səbəb verdi. Körfəz regionu dünya enerji ixracının strateji mərkəzlərindən biri olduğuna görə, ixrac zəncirində yaranan hər hansı fasilə təkcə regional deyil, həm də qlobal qiymət dalğalanmalarını sürətləndirdi. Nəticədə, neft və qaz gəlirlərindən yüksək asılılığa malik Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin iqtisadiyyatları qısa müddətdə ciddi fiskal və ticarət təzyiqləri ilə üz-üzə qaldı.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb.

O qeyd edib ki, ilkin mərhələdə böhran ən çox logistika, enerji ixracı və turizm sektorlarında özünü göstərdi. Xüsusilə Hörmüz boğazı üzərindən həyata keçirilən enerji daşımalarının məhdudlaşdırılması sığorta xərclərini artırdı, daşınma marşrutlarını uzatdı və ixracın ümumi effektivliyini azaltdı. Bu vəziyyət “GCC” ölkələrinin 2026-cı il üçün ÜDM artım proqnozlarının aşağı salınmasına, dövlət büdcələrində kəsir risklərinin yüksəlməsinə və suveren fondların qısamüddətli likvidlik təzyiqləri ilə qarşılaşmasına səbəb oldu. Eyni zamanda, regionun turizm və xidmət sektorlarında da güclü azalma müşahidə olundu, çünki geosiyasi risklərin artması həm investor inamını, həm də turist axınını zəiflətdi.

Lakin bu böhran təkcə destruktiv təsirlərlə məhdudlaşmadı, həm də Körfəz ölkələri arasında mövcud struktur fərqləri daha aydın şəkildə üzə çıxardı. İqtisadiyyatını daha erkən mərhələdə diversifikasiya etmiş ölkələr, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), maliyyə xidmətləri, logistika infrastrukturu və qeyri-neft sektorlarının nisbi dayanıqlığı hesabına şoku daha çevik şəkildə idarə edə bildi. Dubay və Abu-Dabi kimi mərkəzlərdə xidmət sektorunun davamlılığı və alternativ ticarət marşrutlarının mövcudluğu itkilərin miqyasını azaltsa da, ümumi regional zəiflikdən tam sığortalanmaq mümkün olmadı. Digər tərəfdən, Səudiyyə Ərəbistanı da son illərdə həyata keçirdiyi “Vision 2030” çərçivəsində qeyri-neft sektorlarını genişləndirmə siyasətinin bəzi müsbət nəticələrini gördü. Alternativ ixrac infrastrukturlarının inkişafı və daxili sənaye layihələri ölkənin tam iqtisadi şokdan çıxmasını təmin etməsə də, onun müqavimət qabiliyyətini artırdı.

İqtisadçının fikrincə, bunun əksinə olaraq, Qətər, Küveyt və Bahreyn kimi daha yüksək neft və qaz asılılığı olan iqtisadiyyatlar daha kəskin təsirlərlə üzləşdi. Xüsusilə ixrac gəlirlərinin strukturunda enerji resurslarının dominantlığı bu ölkələri qiymət və həcmlərdəki dəyişikliklərə qarşı həssas etdi. LNG ixracında yaranan fasilələr Qətərdə qısamüddətli gəlir azalmasına səbəb olarkən, Küveytdə fiskal balansın pozulması və dövlət xərclərinin optimallaşdırılması zərurəti daha da aktuallaşdı. Bu ölkələrdə iqtisadi modelin şoklara qarşı elastikliyinin zəif olması “post-neft keçidi”nin ləng getdiyini və struktur islahatların dərinləşdirilməsinə ehtiyac olduğunu bir daha göstərdi.

“Uzunmüddətli perspektivdə bu müharibə “GCC” iqtisadiyyatlarında ikili transformasiya trayektoriyası formalaşdırır. Bir tərəfdən, enerji gəlirlərinə yüksək asılılıq saxlayan ölkələrdə mövcud modelin davam etməsi onların gələcək geoiqtisadi şoklara qarşı həssaslığını artırır və fiskal dayanıqlılığı zəiflədir. Digər tərəfdən isə, daha çox diversifikasiyaya üstünlük verən ölkələrdə böhran “məcburi modernizasiya katalizatoru” rolunu oynayaraq qeyri-neft sektorlarının inkişafını sürətləndirir.

2026-cı il müharibəsi Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələr üçün yalnız qısamüddətli enerji şoku deyil, həm də struktur iqtisadi modelin sınaqdan keçirilməsi kimi qiymətləndirilməlidir. Hörmüz boğazının qismən bağlanması ilə yaranan böhran göstərdi ki, qlobal enerji geosiyasətində kiçik bir pozuntu belə regionun iqtisadi sabitliyini ciddi şəkildə dəyişdirə bilər. Lakin eyni zamanda bu hadisə Körfəz ölkələrinə iqtisadi diversifikasiyanın nə qədər strateji zərurət olduğunu bir daha xatırlatdı. Gələcək inkişaf trayektoriyası isə onların bu böhrandan çıxarılan dərsləri nə dərəcədə sürətli və effektiv institusional islahatlara çevirə biləcəyindən asılı olacaq”, - deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
bizimyol.info

1Источники