RU

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

Yaxın Şərqdəki gərginlik səbəbindən yaranan böyük enerji böhranı və tarixin ən böyük neft tədarükü şoku fonunda insanlar sürətlə elektrikli avtomobillərə üstünlük verməyə başlayıblar.

Beynəlxalq Enerji Agentliyi (BEA) bununla bağlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, 2026-cı ildə dünyada elektrikli avtomobil satışları yenidən artaraq 23 milyona çatacaq. Bu isə o deməkdir ki, bu il dünyada satılan hər 100 avtomobildən təxminən 30-u elektrikli olacaq. 2025-ci ildə qlobal elektrikli avtomobil satışları 20 faiz artaraq 20 milyonu keçib. Dünyada satılan bütün yeni maşınların dörddə biri elektrikli olub və onların 60 faizini Çin şirkətləri istehsal edib. Avropa və Şimali Amerika istehsalçılarının payı isə hərəyə cəmi 15 faiz təşkil edib. Çin ötən il dünyadakı 22 milyon elektrikli maşının dörddə üçünü təkbaşına istehsal edərək qlobal mərkəz olduğunu sübut edib. Çinin elektromobil ixracı ikiqat artaraq 2,5 milyonluq rekord həddə çatıb. Çin, Avropa və ABŞ-ni çıxmaqla, dünyanın digər ölkələrində satılan elektrikli maşınların 55 faizi Çindən idxal edilib (bu rəqəm 5 il əvvəl cəmi 5 faiz idi). Çin və ABŞ-dəki daxili qayda dəyişiklikləri səbəbindən 2026-cı ilin ilk rübündə qlobal satışlar ümumilikdə 8 faiz azalsa da, digər regionlarda partlayış ssenarisi yaşanıb. Belə ki, Avropada satışlar ötən ilin eyni dövrünə nisbətən təxminən 30 faiz artıb. Asiya-Sakit okean regionunda (Çin xaric) satışlar 80 faiz kəskin artıb. Latın Amerikasında isə 75 faiz artım qeydə alınıb. Mart ayında dünyanın 90-a yaxın ölkəsində satışlar artıb, 30 ölkədə isə aylıq satış rekordu qırılıb. Böyük yük maşınları seqmentində də ciddi dönüş var. 2025-ci ildə elektrikli yük maşınlarının satışı ikiqat artıb və dünyada satılan hər 10 yük maşınından biri elektrikli olub (əksəriyyəti Çində). Cənub-Şərqi Asiya regionu (xüsusilə Vyetnam) ən sürətlə böyüyən bazar statusunu alıb. Ötən il orada satışlar ikiqat artaraq 20 faiz bazar payına çatıb. Dəyişən yanacaq qiymətləri səbəbindən bu payın 2035-ci ilə qədər 60 faizə yüksələcəyi gözlənilir.

BEA rəhbəri Fatih Birol bildirib ki, batareya qiymətlərinin aşağı düşməsi və hökumətlərin neft böhranına qarşı atdığı addımlar bu bazarı daha da sürətləndirəcək. Hazırda dünyada 80 milyona yaxın elektrikli avtomobil var, lakin heç bir yeni dəstək proqramı elan edilməsə belə, 2035-ci ilə qədər qlobal elektrikli avtomobil sayının 510 milyona yüksələcəyi proqnozlaşdırılır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
40
azerbaijan-news.az

1Источники