RU

Azərbaycanlı biznesmenin poqonlu qatillərinin məhkəməsi... - Sifarişçi də həmvətənimiz imiş

 

Keçmiş təhlükəsizlik zabiti Pavel Xristevin rəhbərlik etdiyi poqonlu killerlər dəstəsinə qarşı cinayət işində təqsirləndirilən şəxslərin bəziləri günahlarını boynuna alıblar.

Musavat.com RİA Novosti-yə istinadla xəbər verir ki, lakin Xristev günahsızlığını iddia etməyə davam edir. Ondan başqa, dəstənin doqquz üzvü müttəhimlər kürsüsündədir. Onların arasında çevik polis alayının qərargah rəisi Aleksey Alpatov və xüsusi təyinatlı qüvvələrin əməliyyatçısı və DİN-in “Qrom” bölməsinin keçmiş üzvü Sergey Volostnıx da var.

İşə hərbi məhkəmədə baxılır. İştirak edənlərin təhlükəsizliyini təmin etmək üçün proses mediaya qapalı keçirilir. Məhkəmə prosesi münsiflər heyəti tərəfindən dinləniləcək.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2000-ci ildə Xristev Artur Kozlovla birlikdə sifarişli qətllər həyata keçirən dəstə təşkil edib. Dəstənin üzvləri arasında hazırkı və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. 2000-ci ilin fevral ayında onlar cinayətkar avtoritet Maksim Lazovskini (“Maks Xromoy” kimi tanınır) öldürməyə cəhd ediblər, lakin səhvən onun sürücüsünü güllələyiblər. Daha sonra, 2002-ci ilin mart ayında qanqsterlər dəmiryol nazirinin müşaviri Aleksandr Fominovu və Ozerski rayonunun meri Vladislav Saşçixini öldürüblər. Onun ardınca muzdlu qatillər Moskvadakı Krasnoqvardeyski bazarının sahibi Hafiz Mahmudova və üç iş adamına qarşı sifarişli qətl törədiblər.

2003-cü ilin aprel ayında onlar Moskva Hesablama Palatasının rəhbərinin müşaviri Aleksandr Revzini öldürməyə cəhd etdilər. Bu sui-qəsd nəticəsində "Eurotransgaz"ın rəhbəri Timofey Ponomarenko həlak olub.

Qeyd edək ki, Moskvadakı “Krasnoqvardeyski” bazarının sahibi Hafiz Əbülhəsən oğlu Mahmudov 2003-cü ilin mart ayında poqonlu killerlər tərəfindən qaçırılaraq öldürülüb. Qatillər onu boğub öldürdükdən sonra cəsədinə ağırlıq bağlayaraq gölməçəyə atıblar.

Hadisənin təfərrüatı belədir: killerlər yol polisi forması geyinərək pusqu qurublar və iş adamının partnyoru (mühasib Yelena Meller) ilə birlikdə getdiyi avtomobili saxlayıblar. Cütlük öldürülüb və onların maşınında olan 500.000 dollar oğurlanıb.

Müstəntiqlərin sözlərinə görə, qətlin sifarişçisi sözügedən bazara nəzarəti ələ keçirmək istəyən Azərbaycan əsilli Araz Dadaşov olub. Sifarişçiyə və cinayətkarlara qarşı genişmiqyaslı iş Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən araşdırılıb.

Hazırda onların başqa cinayətlərinin də üstü açılıb və məhkəmə prosesi davam edir.

Musavat.com

Избранный
45
musavat.com

1Источники