RU

7,5 yaşlı Əminə Yusifqızının sözlü portreti

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir."

Artur Şopenhauer bu fikri deyəndə Əminə Yusifqızını tanımırdı. Elə indi də tanımır; çoxdan dünyasını dəyişib. Ancaq Əminə Yusifqızı bu filosofu bərk yanıldıb.

Çünki o, özlüyündə çox böyük hadisədir. Hətta hadisələr zənciridir. Ömrünün ilk əlli ili kimi sonrakı iyirmi beş iıi də hadisələrlə doludur.

Bilirsiniz, iki Əminə Yusifqızı tanıyırıq: biri aktrisa, bədii qiraətin böyük ustası Əminə Yusifqızı, bir də əməkdar jurnalist Əminə Yusifqızı.

Birincisi dünyasını dəyişib (məkanı cənnət olsun!). İkincisi isə yaşayır (adaşının torpağı sanı yaşasın!).

Bəli, bu gün Mətbuat Şurasında Əminə Yusifqızı yenə bir hadisə idi; 75 illik yubileyini qeyd edirdi. Özünün dediyi kimi, ən yaxın, ən çox sevdiyi dostlarının əhatəsindəydi.

75 yaşa heç oxşamır; Əminə xanım yaşına görə çox gənc qalıb. O, özünün təkrarsız xarizması, bənzərsiz incə zövqü, dərin dəb duyumu ilə, qadın cəsarəti ilə həmişə hamını heyrətləndirir. Bu gün də, belə deyək, öz amluasında idi.

Dediyim kimi, 75 yaş söhbəti inandırıcı görünmür. Bilmirsən sənəddə yazılana inanasan, yoxsa gözünlə gördüyünə. Ona görə mən öz çıxışımda Əminə xanımı 7,5 yaş münasibətilə - daha bir il gəncləşdiyinə görə təbrik elədim. Hər kəs də bu təbriklə razılaşdı; hər halda salondakı reaksiya bunu deməyə əsas verir.

Dostların danışdığı xatirələrdən, təbriklərdən Əminə Yusifqızının maraqlı bir portreti yarandı. Bu gün o məclisdə "kollektiv rəssamlıq" elədik. Sözlü rəsm çəkildi. Bu rəsm Əminə Yusifqızının özünə çox oxşadı. Ancaq hələ "tamamlama" işlərinə də ehtiyac var. Əslində bu "rəsm"ə hələ çox ştrixlər əlavə olunacaq, çox toxunuşlar ediləcək... Bu sözlü portret hələ çox cilalnacaq, dolğunlaşacaq, bir sözlə, daha da gözəlləşəcək. Amma "rəsm" nə qədər gözəlləşsə də, Əminə Yusifqızının özündən daha gözəl ola bilməyəcək.

Bənzərsizlik, bax, belə bir şeydir.

Əminə xanıma deyilən bütün arzular, əminəm, reallığa çevriləcək; o, hələ çox uzun və indikindən daha gözəl yaşayacaq. Çünki buna həvəsi də var, haqqı da var. Mən də söz verdim, Əminə xanımın 100 illik yubileyində iştirak edəcəm. Bu, həm də özümə arzudur: daha 25 il yaşamaq lazım gələcək. Əminə xanımın 100 yaşlı gənc olduğuna şahidlik eləmək üçün yaşamağa dəyər...

Özü də yüzə çatmağı yaxın hədəflərindən sayır; dedi: "Yaşlılar xatirələrlə, gənclər arzularla, xəyallarla yaşayır. Mən isə hələ də arzularla yaşayıram, yenə də xəyal qururam"...

Məncə, xüsusi bir şərhə ehtiyac qalmadı...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
bizimyol.info

1Источники