RU

BMT TŞ-na sədrlik Kolumbiyaya keçib

 İyun ayında Kolumbiya BMT Təhlükəsizlik Şurasına (TŞ) sədirlik edəcək. 

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən mətbuat konfransında Kolumbiyanın BMT yanında daimi nümayəndəsi, səfir Leonor Zalabata bildirib ki, ölkəsinin sədrliyi üç əsas istiqamət üzərində qurulacaq: münaqişələrin diplomatiya, dialoq və vasitəçilik yolu ilə həlli; insan mərkəzli yanaşmanın gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın (multilateralizmin) inkişaf etdirilməsi.

Xanım səfirin sözlərinə görə, Kolumbiya hesab edir ki, davamlı sülh yalnız dialoq vasitəsilə mümkündür və diplomatiya beynəlxalq münasibətlərin mərkəzinə qaytarılmalıdır. Bu çərçivədə prezident Gustavo Petro-nun iştirakı ilə “Yaxın Şərqdə siyasi həllərin irəlilədilməsi: davamlı sülh üçün vasitəçilik və dialoq” mövzusunda yüksək səviyyəli açıq debat keçiriləcək. Debat regionda artan gərginlik və humanitar böhran fonunda diplomatik həllərin təşviqinə həsr olunacaq.

Kolumbiya nümayəndəsi həmçinin vurğulayıb ki, sülhün dayanıqlı olması üçün sosial ədalətsizliklərin azaldılması və inkişafın faydalarının daha ədalətli bölüşdürülməsi vacibdir. Səfir qeyd edib ki, mövcud iqtisadi sistem bir çox hallarda bərabərsizliyi dərinləşdirir və bu da münaqişə risklərini artırır. Bu səbəbdən Kolumbiyanın sədrliyi “insan mərkəzli yanaşma” prinsipinə əsaslanacaq.

Səfir Zalabata əlavə edib ki, mülki əhalinin, xüsusilə həssas qrupların müdafiəsi sülh quruculuğunun əsas şərtidir. Bu məqsədlə iki açıq debat keçiriləcək: biri qadınların sülh proseslərində tam, bərabər və təhlükəsiz iştirakının təmin edilməsinə, digəri isə münaqişə bölgələrində uşaqların müdafiəsi və təhsilin qorunmasına həsr olunacaq.

O, bildirib ki, uşaqların təhsilinin müdafiəsi gələcək nəsillərin təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.

Sədrlik dövründə Şura Yaxın Şərqdə vəziyyətlə bağlı mütəmadi iclaslar keçirəcək, həmçinin Liviya, Yəmən, Sudan və Mərkəzi Afrika Respublikasındakı prosesləri izləyəcək. Bundan əlavə, Konqo Demokratik Respublikası ilə bağlı sanksiya rejimi, Əfqanıstandakı BMT missiyasının mandatı, eləcə də UNDOF və beynəlxalq cinayət tribunalının qalıq mexanizmi ilə bağlı qərarlar müzakirə olunacaq.

Kolumbiya nümayəndəsi həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının növbəti Baş katibin seçilməsi prosesi çərçivəsində namizədlərlə qeyri-rəsmi dialoqların başlanması üçün koordinasiya aparılacaq.

Ay ərzində TŞ həmçinin iki təcili iclas keçirəcək. Bunlardan biri “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” mövzusunda, digəri isə Yaxın Şərqdə vəziyyətlə bağlı olacaq.

Səfir Zalabata çıxışının sonunda bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarları birbaşa insanların həyatına təsir edir və buna görə də əsas məqsəd münaqişələrin qarşısının alınması, dialoqun gücləndirilməsi və sülhə yönəlmiş kollektiv fəaliyyət olmalıdır. O, jurnalistlərlə açıq əməkdaşlığın davam etdiriləcəyini də vurğulayıb.

Vüsalə Abbasova

Избранный
47
1
ucnoqta.az

2Источники